Qış fəsli
idi. Buludlu bir axşamüstü Tokyoya getmək
üçün Yokosuka qatarının ikinci dərəcəli vaqonunda oturub fikirli halda hərəkət
fitini gözləyirdim. O gün, çox nadir olsa da,
lampaları çoxdan yanmış kupenin içində nə məndən başqa sərnişin, nə də
perona sərnişin yola salmağa gələn bir insan vardı. Yalnız bayırda qəfəsə
salınmış bir it gözə dəyirdi. Heyvan aradabir dərdli-dərdli hürürdü. Bütün
bunlar sanki o an içində olduğum əhvalı-ruhiyyəmlə möhtəşəm bir harmoniya içindəymiş
kimi gəlmişdi mənə... Yorğunluq və sıxıntıdan beynimin içi göydəki qar yüklü
buludların kölgəsi kimi tutqun idi. Əllərimi paltomun cibinə soxub heç tərpənmədən
eləcə oturmuşdum. Cibimdəki axşam qəzetini çıxarıb elə-belə göz gəzdirməyə də ərinirdim. Nəhayət ki, hərəkət fiti çaldı və biraz
rahatlaşdım. Başımı azca geri çəkib pəncərənin kənarına söykəyərək az sonra
gözlərimin önündən film lenti kimi ötüb keçəcək peronu seyr etməyə başadım.
Düz
qatar tərpənəndə kassanın olduğu tərəfdən qulağıma taxta getaların1
çıxardığı tak-tuk səsləri, ardında da konduktorun dediyi yağlı söyüş gəldi. Elə o anda, olduğum kupeyə 13-14
yaşlarında bir qız külək kimi girdi. Qatar nəhəng bədənini əvvəlcə silkələdi,
sonra da yavaşca hərəkət etdi. Axıb gedən sütunların tək-tək səhnələrə böldüyü
peronda bir tərəfə atılıb tərk edilmiş su nasosu, aldığı bəxşişə görə müştəriyə
mütəşəkkir olan qırmızı şapkalı hambal və buna bənzər mənzərələr gözlərimin
önündən keçdi. Bütün
bunların pəncərəyə toxunan hisli qara
dumanın ardında itməyini izləmək kədər yaradırdı.
Axır ki, rahat nəfəs almışdım. Bir siqaret
yandırıb ilk dəfə yorğun gözqapaqlarımı qaldırıb qabağımdakı oturacaqda oturan
qızın üzünə baxdım. Arxadan iki toppuz elədiyi qaramtıl saçları, qırmızı sifəti,
hər tərəfi çatlayıb yarılmış yanaqlarıyla səciyyəvi bir kəndli qızıydı. Kir-pas
içindəki yaşılımtıl sarı yun şərfi boynundan dizlərinin üstündə saxladığı iri
yük boxçasının üstünə qədər sallanırdı. Soyuqdan çatlamış, yara-bərəylə dolu əlində
bir torba və ayrıca möhkəm-möhkəm ovucladığı üçüncü dərəcəli vaqon bileti
vardı. Qızın bu kobud sifəti heç xoşuma gəlməmişdi. Əyin-başının çirkliliyi bir
qırağa, ikincə dərəcə ilə üçüncü dərəcə arasındakı fərqi bir-birindən seçə bilməyəcək
qədər axmaq olmağı əsəblərimə toxunmuşdu. Bir siqaret daha yandırıb qızın orada
olduğunu unutmağa qərar verdim. Cibimdən axşam qəzetini çıxarıb necə gəldi dizlərimin
üstünə açdım. Bayırdan gələn işığın aydınlığında çətinliklə gördüyüm yazılar
qatarın işıqlarının yenidən yanmağıyla birdən tərtəmiz göründü. Qatarımız
Yokosuka xəttindəki saymaqla bitməyən tunellərdən birincisinə girdi. Lampaların
gur işığında qəzetə göz gəzdirirdim, amma fikirlərimi dağıdacaq əməlli bir xəbər
tapa bilmədim. Həmişəki kimi adi, gündəlik xəbərlərlə dolu idi. Sülh
danışıqları, evlilik xəbərləri, rüşvət rəzillikləri, ölüm elanları... Tunelə
girdiyimizdə bir an qatar sanki geriyə doğru gedirmiş kimi hiss etdim. Mexaniki
şəkildə bir pis xəbərdən digərinə keçərək bütün qəzeti bitirdim. Ancaq bu
anlarda belə, insan cildinə girmiş “nərmə-nazik bir varlıq”ın qabağımda
oturduğunu düşünmək fikrini özümdən uzaqlaşdıra bilməmişdim. Tuneldə bir qatar,
qabağımda kobud bir kəndli qızı və yararsız xəbərlərlə dolu qəzet... Yəni bütün
bunlar nə demək idi? Hər şey birdən çox absurd göründü gözümə. Qəzeti götürüb
bir kənara tulladım və başımı təkrar pəncərənin kənarına söykəyərək ölü kimi
gözlərimi yumub yuxulamağa başladım.
Aradan
bir müddət keçdi. Daxilimdə pis nəsə olacaqmış kimi bir hiss yarananda gözlərimi
açıb ətrafıma baxdım. Qız qarşı tərəfdən mənim yanıma keçib var gücüylə pəncərəni
açmağa çalışırdı, ancaq qurğuşuntək ağır pəncərə yerindən tərpənmirdi. Onsuz
qırmızı çatlamış yanaqları daha da qızarır, aradabir burnunu çəkəndə çıxardığı
səslər, aram-aram nəfəs alarkən eşidilən gücənmələr qulaqlarımı cırmaqlayırdı.
Amma onun bu çətin vəziyyəti məni azca təsirləndirən təhər olmuşdu. Qızın
axşamın tutqun işığında quru otlarla örtülmüş, yamacların sürətlə pəncərəyə
yaxınlaşdığını görməyi, dolayısıyla yeni bir tünelin girişinə gəldiyimizin fərqinə
varması lazım idi. Niyə belə etdiyini heç cür anlaya bilmirdim, amma hərəkətinin
haqqında xeyli düşünəcək tərəfi yox idi. Qız mütləq kefi belə istədiyi üçün
bunu edirdi. İlk qarşılaşmamızdan bəri kefimi pozan qızın yaradan qaysaqlanmış əlləriylə
qan-tər içində pəncərəni açmaq üçün sərgilədiyi mübarizəni buz kimi gözlərlə
izləyir, üstəlik ürəyimdən də:
- Əcəb
olur! İnşallah aça bilməz!- deyə qarğıyırdım.
Qatar
qulaq deşən fitlər verərək yeni bir tunelə girəndə qızın bayaqdan yapışdığı pəncərə böyük bir cingiltiylə aşağı
endi. Enməyi ilə birgə, o dəqiqə kupenin içinə his dolu, boğucu bir qara duman
doldu. Çevikliklə dəsmalıma əl atdım, ancaq çifayda. Hisli duman ağzımdan girib
burun dəliklərimdən çıxmışdı. Əvvəldən faringitim olduğu üçün öskürməkdən ciyərlərim
parçalandı. Amma qızın heç vecinə deyildi. Başını pəncərədən çıxarmış,
qaranlıqdan gələn küləklə gicgahındakı
saçları hava uçuşurkən, heç tərpənmədən qatarın getdiyi istiqamətə doğru
baxırdı. Kupenin dumanlı işığında qızı seyr edərkən çöl də yavaş-yavaş
aydınlanmağa başlamış, pəncərədən içəriyə sərin nəmli torpaq və ot qoxuları dolanda
öskürəyim də kəsilmişdi. Yoxsa bu nəsil-nəcabəti naməlum dəcələ gül ağzımı açıb
pəncərəni məcburi bağlatdıracaqdım.
Qatar
tuneldən çölə süzülmüş, quru otlarla örtülü iki dağın arasındakı kasıb bir kəndin
yanında keçən qovşağa doğru irəliləyirdi. Dəmiryolu məntəqəsinin düz yanındakı
köhnə evlər balaca bir sahəyə - bir-birinin üzərinə - qalaqlanmışdı. Axşamın
alatoranında hayıl-mayıl hərəkət edən, böyük ehtimalla məntəqə növbətçisinin
yellədiyi kir-pas içindəki bəyaz bayraqcıq idi. Bu it hürməyən, karvan keçməyən
naməlumluğun ortasındakı qovşağı ayıran səddin digər tərəfində qırmızı yanaqlı
üç oğlan tək sıra halında düzülmüşdü. Qurğuşun rəngli göyün altında sanki əzilirlərmiş
kimi bir halları olduğu üçün boyları olduğundan daha da qısa görünürdü. Üstlərində
ucqar, mübhəm obanın havasına uyğun cansız, tünd rəngli kimonolar vardı.
Qatarın keçməyini gözləyərkən əlləri havada, boyunları nizə kimi yuxarı gərilmişdi,
mənasını anlamadığım müharibə çığırtılarına bənzər səslər çıxarırdılar. Elə bu
anda kəndli qızı belinin yarısı qədər pəncərədən çölə sallanaraq, yara-bərə
içindəki əllərini sağa-sola qolazladı. Ardınca imisti günəş rəngli beş-altı
mandarin tappıltı ilə uşaqların başına yağdı. Təəccübdən nəfəsim kəsilmişdi,
udqunmağa məcbur oldum.
Hər
şeyi onda anladım. Qızcığaz böyük ehtimalla, əvvəl işlədiyi ailənin yanından
yeni iş tapdığı başqa bir ailəyə köçürdü. Qoynunda gizlətdiyi bir neçə mandarini
də kənddən qatar qovşağına qədər yüyürüb onu yola salmağa gələn qardaşlarına hədiyyə olsun deyə atmışdı.
Axşamın
alatoranlığında kənddən uzaq, səs-səmirsiz qatar qovşağı... Üç uşağın quşlar
kimi civildəşərək çıxardığı sevinc çığırtıları... Göydən üzərlərinə yağan günəş
rəngli, nurlu mandarinlər. Hamısı bütövlükdə gözümü yumub-açana qədər pəncərəmin
önündən yox oldu. Bu səhnələr ürəyimi parçalayaraq canıma hopmuşdu. O andan
etibarən səbəbini qavramadığım, ifadəsi qeyri-mümkün sevinc bədənimi çulğadı.
Başımı hörmət-izzətlə yuxarı qaldırıb sanki başqa bir insana baxırmışam kimi gənc
qızı yenidən izləməyə başladım. Qız çox keçmədən önümdəki oturacağa qayıtmış,
yaşılımtıl sarı yun şərfini yaralarla dolu yanağına dolamış və əşya boxçasını
qucağına alaraq üçüncü dərəcəli vaqon biletini əlində möhkəm-möhkəm tutmağa
başlamışdı.
Elə o
vaxt mən də yorğunluğumu, sıxıntılarımı və həyatın mənasızlığını, bayağılığını
və monotonluğunu azca da olsun unutmuş kimi oldum.
1 Geta- bir növ Yapon səndəli