16 Mayıs 2017 Salı

Sağ çıxmaq

Uzaqda parıldayan işıq gözlərimi qamaşdırır. Uzaqda nəsə parıldayır. Uzaqda.
Yaxınlaşdıqca məni öz içinə alır və hər şeyi etmə hüququ verir.
Qaçmağa başlayıram, əllərim var yanımda. Sürətləndikcə daha da asanlaşdırıram işimi, düz ürəyindən tuta biləcəyəm xoşbəxtliyi.
Sevinc hissi ana bətnində yenidən yaranır, səssizcə içimə dolur.
Göz qapaqlarımda işıldanma var. Gözlərim partlamağa hazırdı, işıq partlamadan yaranır.
Kipriklərimi qaldırmaq Sizifin işi qədər mənasızdı, amma bunu etməliyəm. Nə olduğunu hələ tam anlamadığım nəsnəyə ehtiyac duyuram. Bu ehtiyac məni məhv edəcəkmiş kimi oluram.
Daştək yuxarı doğru daşıyıram kipriklərimi və işimi mükəmməl bacarıram.
Yatağım boşdu, arvadım yanımda deyil. Heç kimsə yoxdu, oğlum Rəhman da evdə deyil. Allahdan paltarlarım üstümdədi.
Bilinməzliyin siqaret sevdası olduğunu qavrayıram. Həyat yoldaşım işə getmiş, gedərkən məni geyindirmişdir.
Rəhman mütləq məktəbdədir, ən azından mənim bildiyim qədəriylə evdən məktəb adıyla çıxır.
Dərslərini yaxşı oxuyur, belə davam eləsə, normal bir işə sahiblənə bilər. Mən ona güvənirəm. İki dəfə yataqdan qalxmağa çalışıram; üçüncüdə bacarıram. Televizor yanılı deyil, təkrarçılıq baş alıb gedir.
Ştepselə astaca toxunsam, işləyəcək televizor və hər zamankı kimi eyni sözləri söyləməyə başlayacaq hamısı bir ağızdan. Buna heç həvəsim yoxdu; siqaret lazımdı, siqaret.
Özümü güc-bəlayla bayıra çıxara bilirəm. Küçəyə baxıram, həmişəki kimi halını heç pozmadan bozluğu ilə sonsuzluğa doğru uzanır.
Çürümüş maşının yanında iki daşın üstünə karton qoyaraq oturmaqdadı məhləuşağı İsa. Məni görəndə gülümsəyir və hərəkətlənir dodaqları kənara doğru.
Müdrik baxışlarla ona tərəf gəlməyimi izləyir və bu xoşbəxtlik hissini üzündə həmişə görmək üçün beş yüz il də yeriyə bilərəmmiş kimi hiss edirəm özümü. Sağ əliylə siqareti tutur, sol əliysə dizinin üzərində səssizcə yatır. Məni görüncə,
- Salam, Cabbar,- deyir.
- Sabahın xeyir, İsa,- deyirəm mən də ona.
- Necəsən?,- deyir yan tərəfdən keçən xanıma baxaraq.
- Babatam, əşşi. Elə eyni şeylər. Siqaretin var, brat?- deyə soruşurum ondan. Bunu gözləyirmiş sanki, üzündə çiçəklər açır, çöhrəsi o qədər gözəldir ki, izah edə bilmərəm.
- Heç elə şey olar ki, sən istəyəsən və olmaya, Cabbar?
Sol əlini oyandırır, sağdakı siqareti sola keçirir, sağ əlini cibinə atır.
Beş saniyəlik axtarışdan sonra çıxardır paketi, içindən bir dənə götürüb yerinə qoyur. Soldakı siqaretlə sağdakını yandırır, dodaqlarıma yaxınlaşdırır, içimə çəkirəm tüstünü.
Tez-tez çəkərək bitirmək istəmirəm, erkən bitməsi heç xoşuma gəlmir. Lakin İsanı çox gözlətsəm, mənə əsəbiləşər deyə qorxuram. Sol əlindəki siqareti yerə atıb, sağ əliysə gözlərimin qarşısındadı.Ovcunun içindəki yara diqqətimi cəlb edir, soruşuram,
- Əlinə nə olub elə?
Sualı eşidəndə heç təəccüblənmədi.
- Bu sualı hər gün verirsən, Cabbar. Əlimin hekayəsini bilməyən adam qalmadı, ən çox sən dinlədin, amma yenə də unudursan, - güləndə siqaretin ucbatından saralmış dişlərini görürəm, - yaxşı, yaxşı, eybi yoxdu, yenə danışaram. Bundan ötrü xətrinə dəyəcək deyiləm ki.
Bilirsən də, uşaq vaxtı futbol oynayırdıq uşaqlarnan. Məni sevməyən gombul, qaça bilməyən, bundan dolayı da həmişə ötüb keçdiyim biri künc zərbəsinin yaxınlığında məni yerə yıxdı.
Bəxtimə bax ki, orda taxta var idi, mən də onun üstünə yıxıldım. Adam yıxılanda üzü-gözü əzilməsin deyə əllərini qabağa atır. Mən də eynisini elədim, taxta sən demə mismarlıymış. Düz sağ əlimin ortasından deşik açıb o tərəfə keçdi.
İsa düz deyirdi. Bu söhbəti istər ondan, istərsə də başqalarından dəfələrlə eşitmişdim, yenə də unudurdum. Bəlkə bunu hər səfər ona xatırladaraq kədərləndirirdim, deyəsən gizlin-gizlin zövq də alırdım.
Siqareti çəkib qurtarmışdım, İsa da əllərini gözlərimin önündən çəkmişdi. ”Allah razı olsun” dedim, asta addımlarla evə tərəf addımlamağa başladım, yoxsa evmi mənə tərəf gəlirdi? evə tərəf yeriyin davay səssiz olun yoxsa başıvızla futbol oynuyarıq Həqiqətən bilmirdim. yobana blyat. Ev yenə boş idi, evdə heç kim yoxdu, kapitan yoxdu yo yoxdu kapitan mən siqaret çəkəndə Rəhman qayıdar deyə düşünmüşdüm halbuki. Gələcəkdisə küçə tərəfdən gələcəkdi, mütləq görərdim gəlsəydi. bu kənddə yaşayan qalmadı gedib İvanyanı mühasirəyə alan dostlarımıza kömək edək yeriyin görək Ştepselə çənəmlə toxundum, illərdir öyrəşmişəm buna. Televizor işləməyə başladı. Köhnəldiyindən cızıltılı səsi kapitan bu əsirləri özümüznən aparmayaq öldürək gəbərib getsinlər otağa yayıldı.
Beynimin içində kimisə öldürdülər, zabitdən başqa digərlərini öldürün zabiti axırda dəyişdik bəlkə deyəsən. Yenə səhər proqramlarında dəyərsiz problemləri həll etməyə çalışır, sifarişlə musiqi oxudub insanları xoşhal edirlər.
Maraqlıdı, bugün belə musiqili, çal-çağırlı veriliş yoxdu. Saatın əqrəblərindən asılmış dünənim var, anlayıram bunu. Anlamadığım şey bunların saatlarca nə danışdığıdı.
Saatın əqrəbindən asılıb dünənim, bugünüm və sabahım. Oğlumun yalvarıram mənə nə istəyirsiz edin amma oğluma toxunmayın özünüzlə aparın hələ çox balacadı təzəlikcə üç yaşı oldu məktəbdən qayıtmasına hələ üç saat var, indi fərqinə varıram bunun.
Beş dəqiqə sonra xəbərlər bu qadının oğlunu gözünün qabağında öldürün ilk öncə sağ əlini sonra sol ayağını başlayacaq. Görəsən, yenə nələr dönür bu dünyada?
Əvvəla, bunu qərarlaşdırmağımız gərək; dünyamı dönür, yoxsa dünyadakılarmı dönür?
Dünya dönürsə niyə dönür? Mən onun sol əlini, sağ ayağını kəsin son olaraq da yerində olsaydım bu qədər israrla dönməzdim. Başım dönür, dünya dönür, oğlum dönür, Odissey dönür. Dönürük. qulağını kəsib anasının ağzına tıxayın bəlkə Bu təkrarlanma içində özümüzü tapsaydıq, daha gözəl olardı.
Əllərimizin, ayaqlarımızın, qulaqlarımızın, bizə aid olan hər şeyin bizim olmadığının fərqinə varmaq, anladıqdan sonra bizim olmayanları bizim olana çevirmək son dəqiqələrində oğlunun qulağına pıçıldayacaq sözləri vardır anasının istəyi ilə gerçək mənalarını qavraya bilərik. İndi də xəbərlərin başlamağına otuz saniyə var deyə göstərir böyük saat. Xəbərlər dəyərsizləşdirməkdən başqa işə yaramır.
Çində -mədəndə- ölən anaa aanaaaa annnaaa 219 nəfərin varlığı sadəcə rəqəm olaraq deyil, eləməyin yalvarıram sizə eləməyin eləməyin oğlum gerçək həyatda da özünü isbatlamalıdır.
Həyatı, uşaqları, sevgiləri, xatirələri, düşüncələri, hədəfləri olan, ətdən və sümükdən ibarət olan insanlar deyil sanki kapitan həll elədik narahat olmayın yer altında və ya yer üstündə rəqəmlər ölür. Məzarın altında yatacaq, külü göyə sovrulacaq, ya da dini hansı qaydayla deyirsə, onunla dəfn ediləcəklər adamlardan daha çox rəqəmlərdir. “Cənab Yüziyirmisəkkiz çox gözəl bir şəxs idi, iki üstü yeddi edirdi” deyəcəklər Çindən beş min kilometr uzaqda. Xoş görünümlü, incə və gözəl səsli xanım kameradan mənə baxıb əsas işlərimiz hələ qabaqdadı salamlayır.
Mənimlə danışır, mənimlə dərdləşir. “Nolacaq bu işlərin axırı” deyir gözləri, dili fərqli şeylər desə belə. Xəbər başlıqlarına girir, yenidən qayıdacaq xəbərlərə. Mən də oğlumunu qayıdışını düşünürəm.
İndi köhnə-möhnə paltarlarıyla ön partada oturmuş, müəllimləri diqqətlə dinləməkdədir.
Ataların qayıdışda bir xeyir olmadığını görüb qayıdışdan əl üzəli çox oldu. Mən geriyə qayıtdım az qaldı uşaqlar İvanyana girəndə qabağınıza kim çıxsa amansız davranın guya nə oldu. Heç çəkinmədən saymağa başlayır hadisələri, “Xocalının işğalından 10 il keçdi” deyir gözlənilmədən.
Yaddaşımın bugünü niyə xatırlamadığını, mənə niyə xatırlatmadığını anlamış deyiləm. şəhərin giriş və çıxışlarına nəzarət edin insanları öldürdükdən sonra evlərin yandırın Uzaq keçmişdə gizlənmiş olsa da mənimçün bunun önəmi var.
Dostlarımı orda itirmişdim, qrupdan ayrılıb kəşfə çıxmam özlüyündə ən böyük şəhər çox zəif qorunur kapitan kənarlarda mən saya bildiyim qədər üç manqa var və mərkəzdə səhvim idi, özümü heç vaxt bağışlaya bilməyəcəm.cəmisi 30-40 əsgər var
Onlarla olan şəkillərimi tapmalıyam. Şəkillərin harda olduğunu bilmirəm, yadıma düşmür. Yoxsa şəkilləri də öldürür müharibələr?
Dostlarımı itirmişdim, amma eyni zamanda onları tapmışdım da. Fotolarımızı gözümün qabağında tutub incələdiyim müddət ərzində canlı kimidilər, şəkillərdə ölməyi unutmuşdular.
Canlı olmasalar da, ən azından ölü deyillərdi. Daha çox ölümlə heç əlaqəsi olmayan, ölümün heç vaxt girə bilməyəcəyi aləmin içində müvəqqəti dondurulmuş, oraya həbs olunmuşdular.
Hardaydı zibilə qalmış şəkillər? “Mənə fotolarımı tapın” deyə qışqırıram divarlara və onlar heç məni adam yerinə qoyub öz səsimi geri qaytarmırlar. İnsan qardaşlarını unudarmı gecə hücuma keçəcəyik kimin hardan gəldiyini nəyin nə cür olduğundan heç ruhları xəbər tuta bilməyəcək heç?
Yoxsa hafizəmin onları mənə unutdurmağa çalışması soylarını qurudacağıq, yaşasın ordumuz yaşasın müqəddəs erməni xalqı günahkarlıq hissimin daha üstün gəlməsindən ötrümü olur?
Geriyə qayıdıb özümü 1992-ci ilin 25 Fevralında axşam saat səkkiz radələrində saatdan asmaq istəyirəm, hərəkət eləməsin saatlar. Başım hərlənməyə davam edir, özümü divana atsam yaxşı olacaq.
Divan kainatlararası səyahət xəttinin başlanğıcıdır, burdan Marsa qədər davam edir.
Mən də davam edirəm bilinməyən yerlərə tərəf. İndi divanda mən varam, yaşayıram meyitləri bir yerə toplayın və yandırın evlərdə dişə dəyən nə varsa alın qalan hamısını yandırın tez olun tez nəfəs alıram, dostlarım isə çoxdan öldülər.
Mən də ölə bilərdim, ölə bilmədim. İntihar edərdim heç olmasa, amma bunu edə biləcək gücüm yoxdu.
Orada durub əsirliyə boyun əymişkən dostlarıma hücuma keçdilər, yazıqlar heç nə olduğunu tam bilmədi. Axırda ayağından vurulmuş Rəhim erməni əsgərinə qarşı çarəsizcə baxarkən bunun qarşısını almağa çalışdım. Ani bir qərar həyatımın dönüş nöqtəsi olmuşdu. Səssizcə dayansam, ən yaxın dostlarımdan birinin mənə hüznlə baxaraq ölməsinə göz yumsam, hər şey daha fərqli ola bilərdi.
Rəhimi öldürməyə çalışdığı o anda iplə bağlanmış əllərimlə əsgərə arxadan zərbə vurdum. Həyatımın dönüş nöqtəsiydi.
Həyatım fırlandı, mən fırlandım, ən əsası heç bir şey olmamış kimi erməni əsgəri mənə tərəf fırlandı və silahının arxasıyla alnımın ortasına vurdu. Ondan sonra nə olduğunu tam xatırlamıram, özümdən getmişdim.
Ondan sonrası yoxdu, ondan sonrası itkin. Ondan sonrası budur, divanda uzanmış yazıq veteran.
Rəhman harda qaldı? O, mənim müharibədən öncəki halımın ən gözəl örnəyidir.
Savaşa gedərkən arvadım ona hamiləydi, məni gözləyəcəyini söylədi, gözlədi də. Gələn zaman mən də fərqliydim, elə o da. Artıq hamilə deyildi, qucağında oğlum vardı. Mənim qucağım olmamasına rəğmən, onun qucağı doluydu.
Gözüm divarda asılmış xalçaya toxunur. Evləndiyimizdə mağarın ən başında asmışdıq xalçanı, kiril əlifbasıyla “Xoşbəxt olun!” yazmışdıq. O xoşbəxtlikdən geriyə nə qalıb? Heç nə yoxdu.
O qədər yoxdu ki, əlifba dəyişdirilib, kəlmələr məhv edilib. Durdum ayağa, yenə küçəyə çıxacam. Söyüd ağacının altında bəlkə kimsə olar, mənim üçün siqaret yandırar.
Uzaqda yanğınsöndürən səsləri eşidirəm meşədən baxdığımızda çox gözəl mənzərə görsənir insan qoxusu da əlavə gözəllik qatır boş yerə atalarımız yüzilliklər xərcləməmişdi ki odu tapmaq üçün atəşdə insanları yandıra bilməyəcəksək babalarımıza qarşı günah işləmiş olarıq və bir yerdə yanğın var.
Yanırıq insanlar. Hiss etmirik qoxumuzu, amma və lakin, yanırıq, əziz tamaşaçılar.
Söyüdlüklərin altında dincələn zabiti neyniyək kapitan şərəfsizin gözünün önündə dostunu öldürürdüm gözlənilmədən mənə hücum elədi öldürək rədd olub getsin kiminsə olduğunu görmək çox gözəl bir hissdir.
Siqaretin yanmağı da çox gözəldi, səhhətə ziyanlı olduğu deyilsə də yanmış insan qoxusundansa siqareti seçərəm.
Əvvəllər heç vaxt görmədiyim insan mənimçün siqaret yandırır və kömək edir çəkməyimə. Siqaret verən adama “çox sağ ol” deyib evə geri döndüm.
Oğlum gəlsəydi danışardıq. Hər gün başına gələnləri, məktəbdə olanları danışır. Dinləməkdən heç yorulmuram, gün ərzində ən maraqlı hadisə elə oğlumu dinləməkdi.
Evə girən kimi qaçaraq gəlib məni qucaqlayır. Mən qucaqlaya bilmirəm, qucaqlarım yoxdu. Üzündən qəribə təəssürat keçir mənə, hələ qavraya bilməmişəm.
- Necəsən, atacan?- qorxaq və ürkək səsiylə soruşur.
- Yaxşıyam, oğlum, yaxşıyam. Sən necəsən? Gözümə nəsə qəribə dəyirsən.
- Mən... Bir az pisəm. Bu gün Xocalının işğalının onuncu ili imiş. Məktəbin zalında tədbir keçirildi, çox qorxulu şeylərdən danışdılar.
- Qorxulu? Nə dedilər ki? – gülümsəməyə çalışaraq davam elədim.
- Direktor danışmağa başladı, ölənləri bir dəqiqəlik sükutla yad etdik. Sonra əllərində kağız vardı, mətni oxumaqçun soyuqqanlı bir gəncə ehtiyac varmış. İrəliyə təqribən bir yetmiş boyu olan, sarışın, çəkisi boyuna uyğun, yumrusifət, xırda burunlu on yeddi yaşlı gənc çıxdı. Direktorun dediyi ölüm rəqəmlərini yenidən saydı, amma dəhşətli olanı bu deyildi. Heç çəkinmədən oxumağa davam edirdi, bir hamilə qadının qarnını...
- Dayan, dayan. Demə ki, belə şeylərə inanmısan? Oğlum, elə şeylər yoxdu. Mətni oxuyan gənc bütün bunları özündən uydurub. İnsanlar bu qədər pis deyildir,- dedim şəfqətlə. Gözlərimi içinə baxdı, gözləri parladı.
- Yoxdu? Çox sevindim, atacan, çox sevindim. Çox qorxmuşdum, xatırlamaq istəmirəm heç.
- Əlbəttə, yoxdu, mənim balam. Elə şeylər olmayıb. İnsanlar pis ola bilməzlər axı.- deməyim və məni qollarıyla bərk bərk qucaqlamağı bir oldu.
Günboyu əhvalı durğun oldu. Durduq yerdə üzünü turşudarkən ağlından keçənləri təxmin edə bilirdim. Hələ çox balaca idi, on yaşında üzünə kədər çökməməliydi.
Hansı yolla qayğısına qalacağımı bilmirdim. Anası evə qayıdanda olanları danışdım, o da yenidən və yenidən başa saldı. Nə qədər yararlı olduğu şübhəlidir.
Artıq yaşamaqdan zəhləm getməyə başlayır. Bu, hər gün səhərdən axşama qədər uzanan insan taleyidir.
Zaman bizi çox sevinclidən çox bərbada doğru sürükləyir.
Zamanın mənası yoxdu. Həyat yoldaşım tapdı şəkilləri və yatana kimi fotolara baxdım. Həbs etmişdim dostlarımı şəkillərə və uzağa baxaraq mənim onların başına nə gəldiyini bilməmə rəğmən gülürlərdi. Heç kədərli görünmürlərdi, sanki beş yerindən vurulan, beyni yolun ortasına dağıdılan bu insanlar deyildi. Nə gözəl çəkilmişdik fotoya.
Yatdım, yüz illər boyu yatdım. Oyandığımda yanımda həyat yoldaşımın da yüz illərlə yatdığını gördüm.
Dəyişən heç nə yoxdu. Ay göy üzündə növbəsinə əskiksiz, gecikmədən davam edirdi. Yataq otağından çıxdım, oğlumun otağına keçdim. Yatağın başucuna oturdum və baxmağa başladım. Birdən qışqıraraq öldürmək sənə vurduğu üçün yüngül cəza olar onun qollarını dibindən kəsin və bir daha heç kimə toxuna bilməsin yersiz hərəkətin cəzası budu özü qaşındı yuxudan oyandı. Eyni yuxunu görmüşdük, deyəsən. Mən öyrəncəli olduğumdan qışqırmamışdım.
Onun ilk çığırtısı idi. İllər keçdikcə öyrəşəcəkdi. Həlim və yumşaq səslə “qorxma, oğlum, qorxma, burdayam” deyirdim ona. Məni görəndə rahatladı, çəkinərək qucaqladı.
Əllərim yox idi, həyatım bu boşluğu doldurmağa çalışaraq keçirdi. Əllərimin olmamasına da öyrəşmişdim, amma necə deyim, indi öyrəşmək də yetərsiz qalırdı.
İndiyə kimi heç bir zaman bu qədər dəlicəsinə qucaqlamaq, oğlumun başını oxşamaq istəyi içimdən keçməmişdi.
Edəcək nəsə qalmamışdı, boşluq bədənimə və ruhuma çökmüşdü. İndi tək ümidim Rəhmanadır, mərhəmətiylə bədənimdəki boşluğu dolduracağına ümid edirəm.
2014 dekabr- 2015 aprel

31 Mart 2017 Cuma

Boş Qutu

“Məndən sizə məsləhət, heç kimdən heç kimə heç nə  danışmayın.
Yoxsa, sonra siz də mənim kimi, o adamlar üçün darıxacaqsınız.”

“Çovdarlıqda uçurumdan qoruyan”
Cerom Devid Selincer


Həyət qapısından içəriyə tərəf addımlamağa başlayanda evlərinə getməyin arzulanan hal olmadığını anladı və sağa dönərək babasının tək-tənha yaşadığı daxmaya yönəldi. On dəqiqə əvvəl hiss etdiyi incə və dolğun dodaqların yerini əvəzləmək ehtiyacı qərarına təsir etmişdi. Lap əvvəl ağzında hiss etdiyi şəkərli dad yerini susuzluğa vermiş, buna rəğmən mədəsindən yuxarıya doğru yayılan yüngüllük hissi hələ özünü göstərməkdəydi. Bağçada yeni açılmış qızılgüllərin gözəlliyi onu daha çox sevindirdi. İndi hər şey gözəl və qəbullanacağı vəziyyətə çevrilmiş; quşların susmayan mahnıları, güllərin dünyanın qarmaqarışıqlığına baxmayaraq ilk zamanlardakı kimi açması, göyüzündə buludların təsadüfi düzülüşü, bu təbiilikdən qaynaqlanan gözəllik onu heyran etmişdi. İndi sürətli, yoxsa asta gəzdiyinin fərqində deyildi; əlində imkanı olsa heç tərpənməz, bu anı əlləriylə genişlətməyə çalışaraq möhtəşəmliyin və gözəlliyin içinə yerləşərdi. Zaman anlayışın otərəfindəki mikrokozmik sahəni mənimsəmə cəhdləri anasının arxadan gələn səsini eşitməsiylə boşa çıxdı.
“Nicat, gəl, yemək ye. Hara gedirsən?”
Bu səsin incəliyi bədənindən titrəmə kimi keçdi, vecsiz-vecsiz irəliləmək istəsə də, yaranacaq problemlərin aradan qaldırılmasına indiki danışığından artıq enerji lazım olacağını bilməyi danışması üçün kifayət edirdi.
“Babama baxıb gəlirəm, ana, hələ ac deyiləm” dedi. Analar heç vaxt analıqlarından vazkeçməyəcək, uşaqlarsa içdikləri süddən dolayımı, yoxsa gördükləri sevgi və şəfqətdənmi, bilmək olmaz, hər zaman analarına boyun əyməyə davam edəcəkdilər. Neçə dəqiqə susduğunu bilmirdi. Anasına cavab verərkən səsinin qırıldığını, ciyərlərində yaranan havayla yuxarı doğru yüksələn sözlərin özüylə danışdığından daha fərqli çıxdığını, kəlimələrin vacib və əsas fərqinin ifadə edildiyi vaxt səs dəyişikliyi olduğuna diqqət etdi. Səs onun səsi ola bilərdi, fəqət içindəki səslə eyni deyildi. İyirmi dəqiqə danışmamağı səsinə yadlaşmasına səbəb olmuşdu. “Görəsən, çox az danışan insanlar da mənim kimi hisslər keçirirlər?” deyə düşündü. Eyni zamanda diksindiyini, bayaq əldə etdiyi mükəmməl sakitliyi itirdiyini gördü. Həmin an ayaqlarına “dayan!” əmri verə, gedib yeməyi yedikdən sonra kitab oxuyaraq mürgüləyə bilərdi. Lakin geriyə dönüş yoxdu, yolun yarısını keçmişdi, üstəlik bir müddət sonra etmədiyi bütün hərəkətlərə görə peşmanlıq çəkə bilərdi.  Hər nə qədər məktəbdə diqqətləri cəlb etmək üçün dediyi “Mən heç vaxt peşman olmuram” cümləsi varlığını davam etdirsə də, bu onun hafizəsində gəmirici xatirələrin olmadığına sübut deyildi. İki saniyəlik təntidi, əlini qapının cəftəsinə toxundura bildi. İçəri girəndə yeni bir qapıyla qarşılaşdı. Qarşısındakı qapı ilə özü arasında yer koridor deyilməyəcək qədər balaca idi. Bu nazik və uzun yer, ayaqqabıları çıxarmaq, varsa başmaqları ayaqlarına keçirmək üçün əsas otağa keçid nöqtəsiydi. Qapının bulanıq pəncərəsindən içəridə yanan işığı gördükdə babasının yatmadığını düşündü. Çıxartdığı ayaqqabıları kənara qoydu, otağa girdi. Qapı tam açıldığından divara toxunub dayandı. Qapının toxunduğu divara söykədilmiş əlavə iki əşya vardı; masa və şkaf. Qapı tam açılarkən masa ilə aralında qalan məsafə 80 santimetrdən çox deyildi. Masada ən çox üç nəfər yemək yeyə bilərdi. Üstündə köhnə və yıpranmış süfrə vardı. Şkaf masadan sonra öz məğrurluğu ilə boy göstərməkdəydi. Şkaf divara kip qoyulmuşdu, bununla da evin bir divarı tamamiylə örtülürdü. Otaqda iki stul gördü. Masa, stul və şkaf triosuna diqqət yetirərkən, Nicat otağın nə qədər balaca olduğu gerçəyini qavradı. Tam qarşısındakı divara kravat söykədilmiş, şkafın qabağında yerləşdirilmişdi. Bunlardan başqa otaqda yalnız diqqətəlayiq iki şey vardı. Biri kravata çarpaz olaraq qoyulmuş televizor, digəri divara asılmış xalçaydı.
Nənəsi babasıyla evlənərkən bu xalçanı cehiz olaraq gətirmişdi. Beş il əvvəl ölmüş nənəsinin şəkili böyüdülmüş, xalçanın üzərinə asılmışdı. Otağa yenidən göz gəzdirdi. Nəhayət, kravatın üstündə kiçilmiş bədəniylə oturan babasının fərqinə vardı. Axır vaxtlarda çox arıqlamış, saçı-başı təmizlikdən uzaq, sir-sifəti isə hər zamankı anlamsızlıq və çaşqınlıq içərisindəydi. Deyəsən, babası Nicatı görməmişdi, gözlərini televizordan ayırmırdı. Nicat danışmağa qərar verərək “Salam, baba” dedi. Qulaqları get-gedə zəifləyirdi, amma bu dəfə Nicatı birinci cəhddən eşitdi. Könülsüzcəsinə başını fırlatdı və sifətini turşudacaqmış kimi görünsə də bundan vazkeçərək “Salam” deyərək cavab verdi. Babasının tövründən yenə onu tanımadığını anlamışdı, hətta “Mənim üçün daha yaxşı” kimi dəyərləndirmə etdi. Əlini cibinə ataraq siqaret qutusunu çıxardı, babasına tərəf irəliləyərək “Sənə siqaret gətirmişəm” cümləsini qurdu. Qutunun içindən birini çıxarıb babasının ağzına qoydu, sağ əlini şalvarının arxa cibinə ataraq tək həmlədə çaxmağı tapdı, o dəqiqə siqareti yandırdı. İki stuldan birini altına çəkdi, babasının yanında oturdu. Həkimlər babasına siqaret çəkməyi qadağan etmişdilər, buna baxmayaraq 80 yaşa çatmış adamın 65 illik vərdişindən məhrum eləmək ona mənasız gəlirdi. Böyük ehtimalla, eyni yaşlarda siqaret çəkməyə başlamışdılar. Kim bilir, hansı mərdimazar babasına ilk dəfə təklif etmişdi və babası bu adəti davam etdirərək neçə nəfəri siqaretə öyrəşdirmişdi. “Lənətə gəlsin, sonsuz təkrarlanma içində var-gəl edirik, heç bir şey dəyişmir, hamımız eyni xətaları edir, hamımız eyni dildə sevir, hamımız eyni dildə unuduluruq. Yaşamaq nə qədər mənasız və gözəldir.” Babasının “Nə?” sualını eşidəndə səsli danışdığını başa düşdü. “Boş ver, baba” sözləri dodaqlarının arasından töküldü.  Nicat bir siqaret də özü yandırdı, burnundan çıxardığı dumanı seyr edərkən gözləri babasının üzündəki boş sevincə ilişdi. Bütün həyatı boyuncamı bu mənasız sevinc vardı üzündə; sevincləri, hüznləri, qorxuları və həyəcanları özünü yaratmaq üçün mənasızlıqmı əlavə edirdi, yoxsa bu xəstəliyə tutulduğundan sonramı belə olmuşdu? Bəlkə də, düşdüyü boşluqdan, keçmişsizlikdən və  xatirəsizlikdən və bunların yaratdığı həyat təcrübəsindən qaynaqlanan müdriklikdən məhrum qaldığından dolayı belə olmuşdu. Xəyala getdiyindən nə danışdığının fərqində deyildi, zatən iki şeyi – düşünmək və düşündüyündən fərqli şeyi danışmaq – eyni anda necə etdiyini anlamırdı. Ən son ağzından çıxan “Baba, nənəm sənin ilk sevgilin idi?” sualını eşitdi. Ahıl kişi yenə televizora baxırdı, amma sual marağını cəlb etmişdi ki, üzünü çevirib “Bilmirəm” deyə cavab verdi. Nicat tək başına bütün kainatı əhatə edən və bilinməzlik səmalarında gəzinən sualın gerçək kədərini indi hiss etmişdi. İstəmədən səhv etmişdi, babasının beş dəqiqə əvvəlki mənasız sevincli üzü mənasız kədərliyə çevrilmişdi. Soruşmamalıydı, fəqət şübhəsiz, ağlından nə vaxtsa belə bir sual keçmişdi. Cavabını heç vaxt ala bilməyəcəkdi, lakin cavabın nə qədər vacib olduğunu çox gözəl bilirdi. Öncəki nəsillərin həyatını “ağ-qara”dan başqa rəngdə düşünə bilməsə də, rəngsiz keçmişə qarşı olan ümidi və sevgisi, rəngli gələcəyə olan gözləntilərindən yüksəydəydi. Ən çox maraqlandığı məsələ bu idi:  Babamın ilk sevgilisi nənəm olubsa və onunla öldüyü ana qədər xoşbəxt yaşayıbsa, bu saatı xarab dünyada hər şey sonsuz təkrara məhkum olduğundan, niyə Aytənlə olan münasibəti sonsuza qədər davam etməsin ki? Uşaq ikən babasının danışdığı əhvalatlardan ən xoşladığı, məhz, İkinci Dünya Müharibəsi haqqında olanlar idi: babasının bombalı, tanklı, təyyarəli, konslagerli, hətta hədəqəsindən çıxaraq nüvə istifadə olunan müharibəni tək başına qazandığını xəyal edərdi. O vaxtlar müharibə haqqında nəsə bilmirdi, bilsəydi belə yatmazdan əvvəl alnında hiss etdiyi çatlamış dodaqların bütün dərdləri, yaraları yox edəcəyini, ona yaxın oturduğu zaman hiss etdiyi isti nəfəsin atomun təsirlərinin hamısını azaldacağını, tək üfləməsiylə təbiəti yenidən qura biləcəyini və hər şeyi düzəldəciyini mütləq gözünün önünə gətirərdi. Balacaykən ağlına gəlsəydi nənəsi haqqında soruşardı, cəhdlərini hamısı boşa çıxdıqda, anası ona cavab verərdi. Amma o vaxtlar nə Aytən vardı, nə də babasının xəstəliyi. Babasının danışdığı hadisələrin bir çoxunu unutmuşdu, üstəlik xatirələrin nə vaxtsa həqiqətən baş verdiyinə olan inancını itirmişdi. Çəkilən aclıqlar, insanların birlik olmasına rəğmən bəzi problemlərin heç vaxt həll olunmaması, soyuq hava və digər şərtlər, taleyin üzlərinə gülməsiylə qazanılan qələbələr, müharibədən qayıdanların cəmiyyətə adaptasiya cəhdləri sanki heç olmamışdı. Bir balaca xatırlasa, yenidən mükəmməl hekayəçiliyindən istifadə etsə, Tanrıya inancını itirmiş adamın yenidən inanmağı kimi bir şey olardı hər halda, fəqət lənət olsun ki istədiyi hardasa qeyri-mümkün idi. İndi heç bir şeyi xatırlamırdı, bəzi vaxtlar oturduğu, bəzi vaxtlar uzandığı Nuh əyyamından qalma kravatla vəhdətdəydi və onu kravatsız, kravatı onsuz düşünmək mümkün deyildi. Bu beli bükülmüş adam, indiyə qədər hər vaxt burda oturmuş, bundan sonra da burada oturacaq kimiydi. Babasının ona baxdığını gördü. Üzündəki dərin qırışların içi toz və hörümçək toru ilə doluymuş kimi gəldiyindən tükləri biz-biz oldu. Yaşlanmaq Nicat üçün cəhənnəm demək idi. Nəhayət, babasının nə istədiyini qavraya bildi və cəld davranaraq ikinci siqareti ağzına qoyub yandırdı. Babasının ciyərlərindən yuxarı doğru yayılan duman xoşbəxtliklə eyni dərəcədəydi. “Kim bilir, bəlkə də siqaretin siqaret olduğunu da unutmuşdur, beynində siqaretdən başqa şeyə çevrilmişdir” deyə ağlından keçdi. Babası üçün siqaret sanki sevinc gətirən dərman idi, buna rəğmən qadağan edilmişdi; özü də evdən gizlədirdi çəkdiyini, hərhag evdən etiraz etməzdilər, amma özünü riskə atmayaraq hələlik belə yola verirdi.  “Baba, mən gedirəm, axşam, bəlkə, yenə yanına gəldim. Anam birazdan yeməyini və dərmanlarını gətirəcək. Mənim sənə siqaret verdiyimi qətiyyən kimsəyə demə, oldu?” Qoca cavab vermədi. Son dediklərinin yersiz olduğunu bilirdi. “Kim olduğumu bilməyən adam siqaret çəkdiyimizi necə desin ki?” Amma bu cümləni deməsəydi olmazdı, dediklərindən sevinc və həzz alırdı, aralarında yaranan, təkcə qohumluğa görə deyil, həqiqətən ikisini bir-birinə bağlayan teli müqəddəsləşdirir, ilahlaşdırırdı. Babası onun gerçəkliyinin aynasıydı, istədiyi sirri ona deyə bilər, yeniyetməlikdəki pessimisist və sevinc dolu hisslərini bircə-bircə danışa bilərdi. Ayağa durdu, qapının qabağına çatanda belindəki cüt gözü hiss etmədi. Qapını açaraq otaqdan dışarı çıxdı.

Oyandığında otağın işığının yanıq olduğunu gördü. İşıq gözünə düşdüyündən oyanmış ola bilərdi. Otağa göz gəzdirdiyində anasının sərt baxışları ilə qarşılaşdı. Deməli, anası onu gözləyirdi, heç təəccüblənmədi. “Sən siqaret çəkirsən? Nə vaxt başlamısan?” Ard-arda iki sualdan dolayı Nicat karıxdı, ancaq vəziyyəti düzəltməyə çalışaraq bir çox gəncin etdiyi təəccübə təəccüblə cavab vermək taktikasına əl atdı. “ Nə siqareti? Bir danış görüm nə olub, axı?” O an çıxarkən qapını bağladığını, buna görə otaqdakı tüstünün dışarı çıxmadığını xatırladı. Anası “babavın otağına girəndə it iyi gəlirdi, mən onsuz şübhələnməyə başlamışdım bu baba sevgisindən” deyərək susdu. Gerçəkləri bir balaca dəyişərək deməyə qərar verdi. “İt iyi? Yaxşı görək, ayma, yenə qarışqanı fil eliyirsən” sözləri beynindən keçsə də, dilini dinc tutmağı bacardı. Yalanını hazırlamışdı, “Hə, o söhbəti deyirsən. Babam məndən siqaret istədi, mən də bir-iki siqaret alıb gətirdim. Ürəyini qırmaq olmaz, axı.” “Belə şeyi necə edə bilirsən?! Babavın xəstə olduğunu və bunun ona qadağan olunduğunu bilirsən.” Anasının son sözlərindəki qəzəb və hiddət açıq-aşkar sezilirdi. “Bilirəm, ayma, bilirəm, amma babamı nə qədər çox sevdiyimi sən özün bilirsən də, yazıq kişinin ürəyin sındıra bilmərəm.” “Bir daha belə etmə! Getdikcə nəfəs ala bilmir. Mənə söz ver ki, bir də belə etməyəcəksən. Hələlik atava demirəm, ancaq bir də görsəm məndən incimə.” “Mama, söz verə bilmərəm. Onsuz bu yaxınlarda ölüb gedəcək, kişini bundan da məhrum edək?” kimi sözləri əvvəllər düşünsə də yenə demədi. Anası susdu, ciddi və sərt baxışlarla baxdıqdan sonra otaqdan çıxdı. İnsan müəyyən müddət sonra gerçəkləri qəbul etməli olur, ağlına başqa açıqlama gəlmədi.   

Bugün Aytən dərsdə yox idi, ikinci tənəffüsdə dəhlizdə gəzərkən bundan əmin oldu. Maraq ona üstün gəlirdi, ağlına heç bir tutarlı səbəb gəlmədi. Dərsin axırına qədər xəbər gözləsə də xeyri olmadı, xəbər çıxmadı. “Sabah öyrənərəm görüm nə olub!?” dedi. Aytən yeniyetməliyinin dönüş nöqtələrindən idi. Onun hesabına özünə inamı yaranmış, digər gənclərlə əlaqədə aqressiv tövrlərindən vazkeçmiş, hərəkətlərini nizama salmışdı. Aytənin bunları necə etdiyini bilmirdi, özlüyündən də dəyişmiş ola bilərdi. Sadəcə sevginin əşyalara, insanlara, davranışlara qayğı göstərmək bacarağının inkişafına töhfə verdiyi həqiqəti var idi. Məktəbin qapısından bayıra çıxanda nə edəcəyini hələ bilmirdi. Evəmi getsin, yoxsa biraz orda-burda veyillənsinmi dilemmasıyla qarşı-qarşıyaydı. Məhəllədə biraz avaralanmağı seçdi.

Küçənin başında qarşı tərəfdəki mağazının önündə duran A.-nı gördü. A. onun məktəbdə ilk aşiq olduğu qız idi. Aradan keçən illərdən sonra diqqətlə baxdığı zaman A.-nın gözəl olmadığını, hətta çirkin sayıla biləcəyini gördü. Düşündükcə qızın nəyini sevdiyini anlamırdı. Uşaqkən yaşadığı hissin aşiq olmaq olduğunu hardan biləydi ki? Buna eşq demək olmazdı. A.-nı gördüyündə həyəcanlanırdı, əksini iddia etmək uşaqlığına xəyanət olardı. Deməli, bütün məsələ Aytəndəymiş. Aytən, Nicatın əlindən tutub gözəlliyi tək-tək ona başa salmamışdı, amma hiss elətdirdiyindən əmindir. Aylar, illər sonra Aytəndən bezə bilər, onu tərk edə bilərdi, düşünmək nə qədər qorxunc idi, fəqət qorxunc olduğu qədər də gerçək idi. Kim idi Aytən? Həyatına necə girmişdi? Necə olmuşdu ki, düşüncələrinə və ağlına hakim kəsilmişdi?  Təkrar mağaza tərəfə baxdığında A.-nı görmədi. Biraz hüznləndi, səbəbini başa düşmədi. Boş küçənin axırına çatanda sağa döndü, tək futbol oynayan Kamalla qarşılaşdı. Kamal sısqa, yaşına görə qısaboylu, geniş almacıq sümükləri ilə diqqət çəkən 12 yaşında oğlan idi. Çiyinləri geniş deyildi, əlləri o qədər uzun idi ki, yöndəmsiz görünürdü, barmaqları incə və uzun - əsl pianoçu barmağı kimi- idi, boynunun sol tərəfində anadangəlmə iri xal vardı. Nicatdan beş yaş balacaydı. Çox ağıllı biri deyildi, məhlənin digər uşaqları tərəfindən sevilmirdi. Nicat bunun səbəbini uşaqlardan soruşduqda, onlar bir ağızdan “Topu var, amma bizimlə oynamır, elə ancaq tək oynayır” demişdilər.  Əgər tək oynamağı yalnız bu aralar olsaydı, Kamalın atasının ölümüylə əlaqələndirə bilərdi. Kamalın artıq dünyada güvənə biləcəyi həqiqi mənadakı gücü itirdiyindən çəkingən davranmağı normal olardı. Belə davranmağı təkcə iki aylıq məsələ deyildi, əvvəldən, topu aldığından bəri beləydi. Kamala yaxınlaşdıqca heç ümid eləməsə də, yenə şansını yoxlamaq istədi.
“Salam, Kamal” deyərkən gülümsəməyə çalışırdı. Nicatı görər-görməz topu saxladı, əlinə götürdü və qorxmuş səs tonuyla “Salam, Nicat” dedi.  “Necəsən, igid? Tək adamlıq futboldan bezməyən yeganə adamsan dünyada.” Son sözlərini deyərkən istehza etdiyini hiss etdi. Kamal, Nicatın ona istehza etdiyini anlamamışdı, üstəlik səsindəki qorxaqlıq yox olmuşdu. “Bəsdi görək, adam nə qədər tək oynayar, bezmirsən heç? Niyə həmişə tək oynayırsan?” Bu sualın ağlına hardan gəldiyini bilmirdi, böyük ehtimalla, insani maraq özünü baş qaldırmış və üsyan zəfərlə nəticələnmişdi. Hərgah indi Kamal qəbul etsə də, futbol oynamazdı. Əvvəllər səhərdən ta axşama qədər top dalıyca qaçır, yalnız qaranlıq çökdüyündə evə geri dönərdi. Nə vaxtdı ayağına top dəymirdi, uşaqlar nə qədər təklif eləsələr də razı olmurdu. Özünə görə haqlı səbəbləri varıydı; artıq böyümüşdü, futbol sevgisi uşaqlıq simvoluydu, arxada qoymaq daha düzgün olardı.  Aytəni, babası, düşüncələri və cibində bir qutu siqareti vardı. Oynasaydı siqaret çəkdiyi üçün təngnəfəs olardı. “Əslində, mən də tək oynamağı sevmirəm, amma necə deyim...” Kamalın sözlərini yarıda saxladığını görən Nicat özünü anlayırmış kimi göstərərək “Çəkinmə, de görək” dedi
“Mənim ən çox qorxduğum şey topun partlamağıdır. Uşaqlarla hər gün oynasam top xeyli köhnələr.” Nicat sifətinə ciddi görkəm verib etiraz elədi. “Sən oynasan da, oynamasan da top hər gün köhnəlir və nə vaxtsa mütləq partlayacaq. O partlasın deyə yaradılıb.” Yenə axırlarda istehzaya keçmişdi. Kamalın üzündə bu iynələməyə görə inciyib-küsən ifadə yox idi. Nicatı sevindirən təkcə şey bu idi.  “Amma topu mənim üçün atam almışdı.” Getdikcə səs tonu alçalan Kamalın danışmaqda əziyyət çəkdiyi, toxunsan ağlayacaqmış kimi dayanması hər halından bəlliydi. “Anamın pulu yoxdu, mənə əsla yeni top ala bilməz” sözləri Nicatın üzünə sillə kimi dəydi. Sözlərin  yaratdığı qüssəylə başını aşağıya dikmişdi, başını qaldırdığında Kamal artıq evlərinin qapısını açmış, ona doğru baxmaqdaydı. Biraz daha baxdıqdan sonra Kamal içəri girib gözdən itdi.  Aytən gəlməmişdi,Kamal onu dilxor etmişdi, deməli, indi siqaret çəkməsi üçün kifayət qədər səbəbi vardı.

Babasının evinə yaxınlaşdığında nə anası, nə atası göründü. Nicat kimsəyə görünmədən içəri keçə bildiyi üçün xəfiflik və xoşbəxtlik hiss edirdi. İçəri girdiyində bütün əşyalar öz yerindəydi. Dünən də bugünün eynisiydi. Stulu altına çəkdi, babası və özü üçün siqaret yandırıb danışmağa başladı. “Baba, hamımız öləcəyik. Mən də öləcəyəm, anam da öləcək, atam da öləcək, bəlkə bu küçələrdə yenə təkbaşına futbol oynayan kədərli uşaqlar görünəcək, bu şəhər böyüməyə davam edəcək, böyüdükcə tanıdıqlarımız azalacaq, tanıdıqlarımız azaldıqca inamla səkilərdə gəzməyimiz imkansızlaşacaq, avtobuslarda, metrolarda bir-birimizi tanımamağa başlayarıq, baba, insan dəli olmaq istəsə də ola bilməz, susaraq yola verərsən həqiqətləri, həqiqətlər çıxışı olmayan küçələrdə divar olaraq qarşımıza çıxar, o divarlara diqqət etmədən yolumuzun burda bitdiyini düşünür, səhv gəldiyimizi düşünüb geri dönərik, baba və heç kimsə cavab verə bilməz poetik suallarımıza, çünki qulaqlarımız qapalıdır və heç bir şey eşitmirik, baba.” Daha əvvəl ağlından keçən cümlələri dəftərə yazmışdı, indi özündən əlavələr etmişdi, amma nə vaxtsa böyük bir nitqə çevriləcəyini düşünməmişdi. Sanki quyunun dibindən çıxan boğuq “Nə?” kəliməsi Nicatın yenə fərqində olmadan səsli danışdığını başa düşməsinə səbəb oldu. Bu qırışıq üz indi hər şeydən uzaqlarda anlamsızlıq diyarlarında dolaşırdı. Bayaq dediyi sözlər nə qədər mənasızsa, 80 yaşlı qocanın 17 yaşlı gənci anlaması da bir o qədər çətin və imkansız idi.  “Heçnə, baba, heçnə. Siqaretin də qutarıb, sənə birini də yandırım. Sənə siqaret yandırıb xoşbəxtliyinə səbəb olmaq mənim üçün şərəfdir, baba.” Nicat axıra yaxın özündən çıxmışdı. Babası bu siqareti də bitirdi, 10 dəqiqə televizora baxdılar. Nicat durub otağı tərk etmək üçün babasına mütləq üçüncü siqareti də çəkdirməliydi. Müasir dünyada bir insanı 30 dəqiqə xoşbəxt edə bilmək şansına sahib olduğu üçün otağa girdiyindən bəri ilk dəfə özünü sevincli hiss etmişdi. Sonuncu siqaretlə qutu boşalmışdı. Qutunu əzərək masanın üstünə atdı.

Oyandığında hələ yuxunun təsiri altındaydı. Aytən bunu necə edə bilərdi? Heç cürə qəbul edə bilmir, mənasını başa düşmürdü. Susamışdı, ayağa qalxıb mətbəxdə ard-arda iki stəkan su içdi. Su əvəzinə siqaret olsaydı pis olmazdı. Köynəyi güc-bəla əyninə keçirib, aşağıya endi. Babasının evinə doğru addımlamağa başladı. Heç tərəddüd eləmədən içəri girdi və oturub siqaret yandırdı. “Başım çıxmır, baba, insanlar necə bu qədər amansız ola bilirlər, hələ Aytənin etdiyi haqsızlıq, məni tərk etməsi heç bir məntiqə sığmır. Hər şey bu qədər sadə olmamalıydı, Aytəni ilk dəfə öpdüyümdə gözlərini bağlamamağından başa düşməliydim. Hərhag mən gözlərimi bağlamışdım, sonradan mənə gözlərini bağlamadığını demişdi. Bəlkə də, mənə daha çox təsir edə bilsin deyə belə demişdi, bilmirəm. İndi çox gecdi, düzəldilə biləcək nəsə qalmayıb. Sevdiyimi nadir hallarda deyirdim, ancaq bütün həqiqətləri sən bilirsən, baba, hamısını sənə danışmışam. Səndən heç gizlinim olmayıb. Kaş ki sənin əlindən tutub şahid olaraq Aytənin yanına apara bilsəm. Sən sakit və asta səs tonunla söylədiklərimi Aytənə danışsan. Unudacaq vaxtı tapdın da. Eh, baba, eh.” Siqaretini ovcunda söndürməsinə baxmayaraq, əlindəki ağrını hiss etmirdi. İkinci siqareti də yandırdı və yenə ovcunda söndürdü. Kötükləri masanın üzərinə qoydu, bayaqkı oturuşunu pozmadan dayandı. Neçə dəqiqədir belə oturduğunun fərqində deyildi. Qapının açılmasıyla yaranan ciyiltili səs otağa yayıldı, qapıya tərəf baxdı. Anası otağın siqaret tüstüsüylə dolduğundan boğulacaqmış kimi oldu, sağ əlini əvvəlcə boğazına apardı, sonra biraz daha yuxarı qaldıraraq ağzını və burnunu qapadı. Sol əlini yelləyərək tüstünü yox etməyə çalışırdı. Nicat anasının tərs baxışlarının əzəmətindən əzilərək “Mənə heç elə baxma, mama, babamı siqaretdən məhrum etmək ona qarşı edə biləcəyimiz ən böyük haqsızlıqlardandır” dedi. Anasına maraqla baxır, verəcəyi reaksiyanı gözləyirdi. Birdən anasının üzünə çökən kədəri gördü, bu nəsə başqa bir şey idi. Anasının çöhrəsinə yayılan hüznün davamı olaraq gözləri doldu və göz yaşları səssiz-səssiz aşağıya doğru axmağa başladı. Nicat anasının on saniyəlik ağlamasının ardından çönüb otağı tərk etməsini səssizcə izlədi. Gözlərini qapıdan çəkərək ətrafa baxdı. Hər şey öz yerindəydi; kravat, televizor, şkaf, masa və oturduğu da daxil olmaqla iki stul. Anlıq baxışdan sonra üzərinə çökən gerçəkliyi bütün bədəniylə hiss etdi. Otaqda əskik olan təkcə babasıydı. Bunun fərqinə varması oyandığı andan bəri  davam edəm yarıyuxululuqdan çıxmasıyla nəticələndi. Masanın üzərində keçən gəlişində əzib atdığı boş qutunu gördü. Qutu düşüncələrində boş oyuğu dolduran son parçaydı, artıq hər şey yerbəyer olmuşdu. Qutunu əlinə aldı, ən son nə vaxt ağladığını xatırlaya bilmədi, əlləriylə örtdüyü üzündən aşağıya doğru süzülən və əllərini və boş qutunu isladan suyun varlığını duydu. Özünə gəldiyində stuldan ayağa qalxdı, əlindəki qutunun qırışıqlarını düzəltməyə çalışdı, cibinə qoydu və artıq gizləyəcək heç bir şeyinin qalmadığı həqiqəti ilə üzləşdi.

Haraya gedəcəyini bilmədən addımlarkən həyətin qapısı önündə əlində topla dayanan Kamalı gördü. Kamal ona baxaraq “Qardaş, mənimlə futbol oynamaq istəyirsən?” deyə soruşdu. Nicat qəbul etmək mənasında başını yuxarıdan aşağıya doğru yellədi və həyətdən çıxmaq üçün qapıya doğru asta-asta yeridi.

Sentyabr 2015, Bakı-İstanbul