31 Mart 2017 Cuma

Boş Qutu

“Məndən sizə məsləhət, heç kimdən heç kimə heç nə  danışmayın.
Yoxsa, sonra siz də mənim kimi, o adamlar üçün darıxacaqsınız.”

“Çovdarlıqda uçurumdan qoruyan”
Cerom Devid Selincer


Həyət qapısından içəriyə tərəf addımlamağa başlayanda evlərinə getməyin arzulanan hal olmadığını anladı və sağa dönərək babasının tək-tənha yaşadığı daxmaya yönəldi. On dəqiqə əvvəl hiss etdiyi incə və dolğun dodaqların yerini əvəzləmək ehtiyacı qərarına təsir etmişdi. Lap əvvəl ağzında hiss etdiyi şəkərli dad yerini susuzluğa vermiş, buna rəğmən mədəsindən yuxarıya doğru yayılan yüngüllük hissi hələ özünü göstərməkdəydi. Bağçada yeni açılmış qızılgüllərin gözəlliyi onu daha çox sevindirdi. İndi hər şey gözəl və qəbullanacağı vəziyyətə çevrilmiş; quşların susmayan mahnıları, güllərin dünyanın qarmaqarışıqlığına baxmayaraq ilk zamanlardakı kimi açması, göyüzündə buludların təsadüfi düzülüşü, bu təbiilikdən qaynaqlanan gözəllik onu heyran etmişdi. İndi sürətli, yoxsa asta gəzdiyinin fərqində deyildi; əlində imkanı olsa heç tərpənməz, bu anı əlləriylə genişlətməyə çalışaraq möhtəşəmliyin və gözəlliyin içinə yerləşərdi. Zaman anlayışın otərəfindəki mikrokozmik sahəni mənimsəmə cəhdləri anasının arxadan gələn səsini eşitməsiylə boşa çıxdı.
“Nicat, gəl, yemək ye. Hara gedirsən?”
Bu səsin incəliyi bədənindən titrəmə kimi keçdi, vecsiz-vecsiz irəliləmək istəsə də, yaranacaq problemlərin aradan qaldırılmasına indiki danışığından artıq enerji lazım olacağını bilməyi danışması üçün kifayət edirdi.
“Babama baxıb gəlirəm, ana, hələ ac deyiləm” dedi. Analar heç vaxt analıqlarından vazkeçməyəcək, uşaqlarsa içdikləri süddən dolayımı, yoxsa gördükləri sevgi və şəfqətdənmi, bilmək olmaz, hər zaman analarına boyun əyməyə davam edəcəkdilər. Neçə dəqiqə susduğunu bilmirdi. Anasına cavab verərkən səsinin qırıldığını, ciyərlərində yaranan havayla yuxarı doğru yüksələn sözlərin özüylə danışdığından daha fərqli çıxdığını, kəlimələrin vacib və əsas fərqinin ifadə edildiyi vaxt səs dəyişikliyi olduğuna diqqət etdi. Səs onun səsi ola bilərdi, fəqət içindəki səslə eyni deyildi. İyirmi dəqiqə danışmamağı səsinə yadlaşmasına səbəb olmuşdu. “Görəsən, çox az danışan insanlar da mənim kimi hisslər keçirirlər?” deyə düşündü. Eyni zamanda diksindiyini, bayaq əldə etdiyi mükəmməl sakitliyi itirdiyini gördü. Həmin an ayaqlarına “dayan!” əmri verə, gedib yeməyi yedikdən sonra kitab oxuyaraq mürgüləyə bilərdi. Lakin geriyə dönüş yoxdu, yolun yarısını keçmişdi, üstəlik bir müddət sonra etmədiyi bütün hərəkətlərə görə peşmanlıq çəkə bilərdi.  Hər nə qədər məktəbdə diqqətləri cəlb etmək üçün dediyi “Mən heç vaxt peşman olmuram” cümləsi varlığını davam etdirsə də, bu onun hafizəsində gəmirici xatirələrin olmadığına sübut deyildi. İki saniyəlik təntidi, əlini qapının cəftəsinə toxundura bildi. İçəri girəndə yeni bir qapıyla qarşılaşdı. Qarşısındakı qapı ilə özü arasında yer koridor deyilməyəcək qədər balaca idi. Bu nazik və uzun yer, ayaqqabıları çıxarmaq, varsa başmaqları ayaqlarına keçirmək üçün əsas otağa keçid nöqtəsiydi. Qapının bulanıq pəncərəsindən içəridə yanan işığı gördükdə babasının yatmadığını düşündü. Çıxartdığı ayaqqabıları kənara qoydu, otağa girdi. Qapı tam açıldığından divara toxunub dayandı. Qapının toxunduğu divara söykədilmiş əlavə iki əşya vardı; masa və şkaf. Qapı tam açılarkən masa ilə aralında qalan məsafə 80 santimetrdən çox deyildi. Masada ən çox üç nəfər yemək yeyə bilərdi. Üstündə köhnə və yıpranmış süfrə vardı. Şkaf masadan sonra öz məğrurluğu ilə boy göstərməkdəydi. Şkaf divara kip qoyulmuşdu, bununla da evin bir divarı tamamiylə örtülürdü. Otaqda iki stul gördü. Masa, stul və şkaf triosuna diqqət yetirərkən, Nicat otağın nə qədər balaca olduğu gerçəyini qavradı. Tam qarşısındakı divara kravat söykədilmiş, şkafın qabağında yerləşdirilmişdi. Bunlardan başqa otaqda yalnız diqqətəlayiq iki şey vardı. Biri kravata çarpaz olaraq qoyulmuş televizor, digəri divara asılmış xalçaydı.
Nənəsi babasıyla evlənərkən bu xalçanı cehiz olaraq gətirmişdi. Beş il əvvəl ölmüş nənəsinin şəkili böyüdülmüş, xalçanın üzərinə asılmışdı. Otağa yenidən göz gəzdirdi. Nəhayət, kravatın üstündə kiçilmiş bədəniylə oturan babasının fərqinə vardı. Axır vaxtlarda çox arıqlamış, saçı-başı təmizlikdən uzaq, sir-sifəti isə hər zamankı anlamsızlıq və çaşqınlıq içərisindəydi. Deyəsən, babası Nicatı görməmişdi, gözlərini televizordan ayırmırdı. Nicat danışmağa qərar verərək “Salam, baba” dedi. Qulaqları get-gedə zəifləyirdi, amma bu dəfə Nicatı birinci cəhddən eşitdi. Könülsüzcəsinə başını fırlatdı və sifətini turşudacaqmış kimi görünsə də bundan vazkeçərək “Salam” deyərək cavab verdi. Babasının tövründən yenə onu tanımadığını anlamışdı, hətta “Mənim üçün daha yaxşı” kimi dəyərləndirmə etdi. Əlini cibinə ataraq siqaret qutusunu çıxardı, babasına tərəf irəliləyərək “Sənə siqaret gətirmişəm” cümləsini qurdu. Qutunun içindən birini çıxarıb babasının ağzına qoydu, sağ əlini şalvarının arxa cibinə ataraq tək həmlədə çaxmağı tapdı, o dəqiqə siqareti yandırdı. İki stuldan birini altına çəkdi, babasının yanında oturdu. Həkimlər babasına siqaret çəkməyi qadağan etmişdilər, buna baxmayaraq 80 yaşa çatmış adamın 65 illik vərdişindən məhrum eləmək ona mənasız gəlirdi. Böyük ehtimalla, eyni yaşlarda siqaret çəkməyə başlamışdılar. Kim bilir, hansı mərdimazar babasına ilk dəfə təklif etmişdi və babası bu adəti davam etdirərək neçə nəfəri siqaretə öyrəşdirmişdi. “Lənətə gəlsin, sonsuz təkrarlanma içində var-gəl edirik, heç bir şey dəyişmir, hamımız eyni xətaları edir, hamımız eyni dildə sevir, hamımız eyni dildə unuduluruq. Yaşamaq nə qədər mənasız və gözəldir.” Babasının “Nə?” sualını eşidəndə səsli danışdığını başa düşdü. “Boş ver, baba” sözləri dodaqlarının arasından töküldü.  Nicat bir siqaret də özü yandırdı, burnundan çıxardığı dumanı seyr edərkən gözləri babasının üzündəki boş sevincə ilişdi. Bütün həyatı boyuncamı bu mənasız sevinc vardı üzündə; sevincləri, hüznləri, qorxuları və həyəcanları özünü yaratmaq üçün mənasızlıqmı əlavə edirdi, yoxsa bu xəstəliyə tutulduğundan sonramı belə olmuşdu? Bəlkə də, düşdüyü boşluqdan, keçmişsizlikdən və  xatirəsizlikdən və bunların yaratdığı həyat təcrübəsindən qaynaqlanan müdriklikdən məhrum qaldığından dolayı belə olmuşdu. Xəyala getdiyindən nə danışdığının fərqində deyildi, zatən iki şeyi – düşünmək və düşündüyündən fərqli şeyi danışmaq – eyni anda necə etdiyini anlamırdı. Ən son ağzından çıxan “Baba, nənəm sənin ilk sevgilin idi?” sualını eşitdi. Ahıl kişi yenə televizora baxırdı, amma sual marağını cəlb etmişdi ki, üzünü çevirib “Bilmirəm” deyə cavab verdi. Nicat tək başına bütün kainatı əhatə edən və bilinməzlik səmalarında gəzinən sualın gerçək kədərini indi hiss etmişdi. İstəmədən səhv etmişdi, babasının beş dəqiqə əvvəlki mənasız sevincli üzü mənasız kədərliyə çevrilmişdi. Soruşmamalıydı, fəqət şübhəsiz, ağlından nə vaxtsa belə bir sual keçmişdi. Cavabını heç vaxt ala bilməyəcəkdi, lakin cavabın nə qədər vacib olduğunu çox gözəl bilirdi. Öncəki nəsillərin həyatını “ağ-qara”dan başqa rəngdə düşünə bilməsə də, rəngsiz keçmişə qarşı olan ümidi və sevgisi, rəngli gələcəyə olan gözləntilərindən yüksəydəydi. Ən çox maraqlandığı məsələ bu idi:  Babamın ilk sevgilisi nənəm olubsa və onunla öldüyü ana qədər xoşbəxt yaşayıbsa, bu saatı xarab dünyada hər şey sonsuz təkrara məhkum olduğundan, niyə Aytənlə olan münasibəti sonsuza qədər davam etməsin ki? Uşaq ikən babasının danışdığı əhvalatlardan ən xoşladığı, məhz, İkinci Dünya Müharibəsi haqqında olanlar idi: babasının bombalı, tanklı, təyyarəli, konslagerli, hətta hədəqəsindən çıxaraq nüvə istifadə olunan müharibəni tək başına qazandığını xəyal edərdi. O vaxtlar müharibə haqqında nəsə bilmirdi, bilsəydi belə yatmazdan əvvəl alnında hiss etdiyi çatlamış dodaqların bütün dərdləri, yaraları yox edəcəyini, ona yaxın oturduğu zaman hiss etdiyi isti nəfəsin atomun təsirlərinin hamısını azaldacağını, tək üfləməsiylə təbiəti yenidən qura biləcəyini və hər şeyi düzəldəciyini mütləq gözünün önünə gətirərdi. Balacaykən ağlına gəlsəydi nənəsi haqqında soruşardı, cəhdlərini hamısı boşa çıxdıqda, anası ona cavab verərdi. Amma o vaxtlar nə Aytən vardı, nə də babasının xəstəliyi. Babasının danışdığı hadisələrin bir çoxunu unutmuşdu, üstəlik xatirələrin nə vaxtsa həqiqətən baş verdiyinə olan inancını itirmişdi. Çəkilən aclıqlar, insanların birlik olmasına rəğmən bəzi problemlərin heç vaxt həll olunmaması, soyuq hava və digər şərtlər, taleyin üzlərinə gülməsiylə qazanılan qələbələr, müharibədən qayıdanların cəmiyyətə adaptasiya cəhdləri sanki heç olmamışdı. Bir balaca xatırlasa, yenidən mükəmməl hekayəçiliyindən istifadə etsə, Tanrıya inancını itirmiş adamın yenidən inanmağı kimi bir şey olardı hər halda, fəqət lənət olsun ki istədiyi hardasa qeyri-mümkün idi. İndi heç bir şeyi xatırlamırdı, bəzi vaxtlar oturduğu, bəzi vaxtlar uzandığı Nuh əyyamından qalma kravatla vəhdətdəydi və onu kravatsız, kravatı onsuz düşünmək mümkün deyildi. Bu beli bükülmüş adam, indiyə qədər hər vaxt burda oturmuş, bundan sonra da burada oturacaq kimiydi. Babasının ona baxdığını gördü. Üzündəki dərin qırışların içi toz və hörümçək toru ilə doluymuş kimi gəldiyindən tükləri biz-biz oldu. Yaşlanmaq Nicat üçün cəhənnəm demək idi. Nəhayət, babasının nə istədiyini qavraya bildi və cəld davranaraq ikinci siqareti ağzına qoyub yandırdı. Babasının ciyərlərindən yuxarı doğru yayılan duman xoşbəxtliklə eyni dərəcədəydi. “Kim bilir, bəlkə də siqaretin siqaret olduğunu da unutmuşdur, beynində siqaretdən başqa şeyə çevrilmişdir” deyə ağlından keçdi. Babası üçün siqaret sanki sevinc gətirən dərman idi, buna rəğmən qadağan edilmişdi; özü də evdən gizlədirdi çəkdiyini, hərhag evdən etiraz etməzdilər, amma özünü riskə atmayaraq hələlik belə yola verirdi.  “Baba, mən gedirəm, axşam, bəlkə, yenə yanına gəldim. Anam birazdan yeməyini və dərmanlarını gətirəcək. Mənim sənə siqaret verdiyimi qətiyyən kimsəyə demə, oldu?” Qoca cavab vermədi. Son dediklərinin yersiz olduğunu bilirdi. “Kim olduğumu bilməyən adam siqaret çəkdiyimizi necə desin ki?” Amma bu cümləni deməsəydi olmazdı, dediklərindən sevinc və həzz alırdı, aralarında yaranan, təkcə qohumluğa görə deyil, həqiqətən ikisini bir-birinə bağlayan teli müqəddəsləşdirir, ilahlaşdırırdı. Babası onun gerçəkliyinin aynasıydı, istədiyi sirri ona deyə bilər, yeniyetməlikdəki pessimisist və sevinc dolu hisslərini bircə-bircə danışa bilərdi. Ayağa durdu, qapının qabağına çatanda belindəki cüt gözü hiss etmədi. Qapını açaraq otaqdan dışarı çıxdı.

Oyandığında otağın işığının yanıq olduğunu gördü. İşıq gözünə düşdüyündən oyanmış ola bilərdi. Otağa göz gəzdirdiyində anasının sərt baxışları ilə qarşılaşdı. Deməli, anası onu gözləyirdi, heç təəccüblənmədi. “Sən siqaret çəkirsən? Nə vaxt başlamısan?” Ard-arda iki sualdan dolayı Nicat karıxdı, ancaq vəziyyəti düzəltməyə çalışaraq bir çox gəncin etdiyi təəccübə təəccüblə cavab vermək taktikasına əl atdı. “ Nə siqareti? Bir danış görüm nə olub, axı?” O an çıxarkən qapını bağladığını, buna görə otaqdakı tüstünün dışarı çıxmadığını xatırladı. Anası “babavın otağına girəndə it iyi gəlirdi, mən onsuz şübhələnməyə başlamışdım bu baba sevgisindən” deyərək susdu. Gerçəkləri bir balaca dəyişərək deməyə qərar verdi. “İt iyi? Yaxşı görək, ayma, yenə qarışqanı fil eliyirsən” sözləri beynindən keçsə də, dilini dinc tutmağı bacardı. Yalanını hazırlamışdı, “Hə, o söhbəti deyirsən. Babam məndən siqaret istədi, mən də bir-iki siqaret alıb gətirdim. Ürəyini qırmaq olmaz, axı.” “Belə şeyi necə edə bilirsən?! Babavın xəstə olduğunu və bunun ona qadağan olunduğunu bilirsən.” Anasının son sözlərindəki qəzəb və hiddət açıq-aşkar sezilirdi. “Bilirəm, ayma, bilirəm, amma babamı nə qədər çox sevdiyimi sən özün bilirsən də, yazıq kişinin ürəyin sındıra bilmərəm.” “Bir daha belə etmə! Getdikcə nəfəs ala bilmir. Mənə söz ver ki, bir də belə etməyəcəksən. Hələlik atava demirəm, ancaq bir də görsəm məndən incimə.” “Mama, söz verə bilmərəm. Onsuz bu yaxınlarda ölüb gedəcək, kişini bundan da məhrum edək?” kimi sözləri əvvəllər düşünsə də yenə demədi. Anası susdu, ciddi və sərt baxışlarla baxdıqdan sonra otaqdan çıxdı. İnsan müəyyən müddət sonra gerçəkləri qəbul etməli olur, ağlına başqa açıqlama gəlmədi.   

Bugün Aytən dərsdə yox idi, ikinci tənəffüsdə dəhlizdə gəzərkən bundan əmin oldu. Maraq ona üstün gəlirdi, ağlına heç bir tutarlı səbəb gəlmədi. Dərsin axırına qədər xəbər gözləsə də xeyri olmadı, xəbər çıxmadı. “Sabah öyrənərəm görüm nə olub!?” dedi. Aytən yeniyetməliyinin dönüş nöqtələrindən idi. Onun hesabına özünə inamı yaranmış, digər gənclərlə əlaqədə aqressiv tövrlərindən vazkeçmiş, hərəkətlərini nizama salmışdı. Aytənin bunları necə etdiyini bilmirdi, özlüyündən də dəyişmiş ola bilərdi. Sadəcə sevginin əşyalara, insanlara, davranışlara qayğı göstərmək bacarağının inkişafına töhfə verdiyi həqiqəti var idi. Məktəbin qapısından bayıra çıxanda nə edəcəyini hələ bilmirdi. Evəmi getsin, yoxsa biraz orda-burda veyillənsinmi dilemmasıyla qarşı-qarşıyaydı. Məhəllədə biraz avaralanmağı seçdi.

Küçənin başında qarşı tərəfdəki mağazının önündə duran A.-nı gördü. A. onun məktəbdə ilk aşiq olduğu qız idi. Aradan keçən illərdən sonra diqqətlə baxdığı zaman A.-nın gözəl olmadığını, hətta çirkin sayıla biləcəyini gördü. Düşündükcə qızın nəyini sevdiyini anlamırdı. Uşaqkən yaşadığı hissin aşiq olmaq olduğunu hardan biləydi ki? Buna eşq demək olmazdı. A.-nı gördüyündə həyəcanlanırdı, əksini iddia etmək uşaqlığına xəyanət olardı. Deməli, bütün məsələ Aytəndəymiş. Aytən, Nicatın əlindən tutub gözəlliyi tək-tək ona başa salmamışdı, amma hiss elətdirdiyindən əmindir. Aylar, illər sonra Aytəndən bezə bilər, onu tərk edə bilərdi, düşünmək nə qədər qorxunc idi, fəqət qorxunc olduğu qədər də gerçək idi. Kim idi Aytən? Həyatına necə girmişdi? Necə olmuşdu ki, düşüncələrinə və ağlına hakim kəsilmişdi?  Təkrar mağaza tərəfə baxdığında A.-nı görmədi. Biraz hüznləndi, səbəbini başa düşmədi. Boş küçənin axırına çatanda sağa döndü, tək futbol oynayan Kamalla qarşılaşdı. Kamal sısqa, yaşına görə qısaboylu, geniş almacıq sümükləri ilə diqqət çəkən 12 yaşında oğlan idi. Çiyinləri geniş deyildi, əlləri o qədər uzun idi ki, yöndəmsiz görünürdü, barmaqları incə və uzun - əsl pianoçu barmağı kimi- idi, boynunun sol tərəfində anadangəlmə iri xal vardı. Nicatdan beş yaş balacaydı. Çox ağıllı biri deyildi, məhlənin digər uşaqları tərəfindən sevilmirdi. Nicat bunun səbəbini uşaqlardan soruşduqda, onlar bir ağızdan “Topu var, amma bizimlə oynamır, elə ancaq tək oynayır” demişdilər.  Əgər tək oynamağı yalnız bu aralar olsaydı, Kamalın atasının ölümüylə əlaqələndirə bilərdi. Kamalın artıq dünyada güvənə biləcəyi həqiqi mənadakı gücü itirdiyindən çəkingən davranmağı normal olardı. Belə davranmağı təkcə iki aylıq məsələ deyildi, əvvəldən, topu aldığından bəri beləydi. Kamala yaxınlaşdıqca heç ümid eləməsə də, yenə şansını yoxlamaq istədi.
“Salam, Kamal” deyərkən gülümsəməyə çalışırdı. Nicatı görər-görməz topu saxladı, əlinə götürdü və qorxmuş səs tonuyla “Salam, Nicat” dedi.  “Necəsən, igid? Tək adamlıq futboldan bezməyən yeganə adamsan dünyada.” Son sözlərini deyərkən istehza etdiyini hiss etdi. Kamal, Nicatın ona istehza etdiyini anlamamışdı, üstəlik səsindəki qorxaqlıq yox olmuşdu. “Bəsdi görək, adam nə qədər tək oynayar, bezmirsən heç? Niyə həmişə tək oynayırsan?” Bu sualın ağlına hardan gəldiyini bilmirdi, böyük ehtimalla, insani maraq özünü baş qaldırmış və üsyan zəfərlə nəticələnmişdi. Hərgah indi Kamal qəbul etsə də, futbol oynamazdı. Əvvəllər səhərdən ta axşama qədər top dalıyca qaçır, yalnız qaranlıq çökdüyündə evə geri dönərdi. Nə vaxtdı ayağına top dəymirdi, uşaqlar nə qədər təklif eləsələr də razı olmurdu. Özünə görə haqlı səbəbləri varıydı; artıq böyümüşdü, futbol sevgisi uşaqlıq simvoluydu, arxada qoymaq daha düzgün olardı.  Aytəni, babası, düşüncələri və cibində bir qutu siqareti vardı. Oynasaydı siqaret çəkdiyi üçün təngnəfəs olardı. “Əslində, mən də tək oynamağı sevmirəm, amma necə deyim...” Kamalın sözlərini yarıda saxladığını görən Nicat özünü anlayırmış kimi göstərərək “Çəkinmə, de görək” dedi
“Mənim ən çox qorxduğum şey topun partlamağıdır. Uşaqlarla hər gün oynasam top xeyli köhnələr.” Nicat sifətinə ciddi görkəm verib etiraz elədi. “Sən oynasan da, oynamasan da top hər gün köhnəlir və nə vaxtsa mütləq partlayacaq. O partlasın deyə yaradılıb.” Yenə axırlarda istehzaya keçmişdi. Kamalın üzündə bu iynələməyə görə inciyib-küsən ifadə yox idi. Nicatı sevindirən təkcə şey bu idi.  “Amma topu mənim üçün atam almışdı.” Getdikcə səs tonu alçalan Kamalın danışmaqda əziyyət çəkdiyi, toxunsan ağlayacaqmış kimi dayanması hər halından bəlliydi. “Anamın pulu yoxdu, mənə əsla yeni top ala bilməz” sözləri Nicatın üzünə sillə kimi dəydi. Sözlərin  yaratdığı qüssəylə başını aşağıya dikmişdi, başını qaldırdığında Kamal artıq evlərinin qapısını açmış, ona doğru baxmaqdaydı. Biraz daha baxdıqdan sonra Kamal içəri girib gözdən itdi.  Aytən gəlməmişdi,Kamal onu dilxor etmişdi, deməli, indi siqaret çəkməsi üçün kifayət qədər səbəbi vardı.

Babasının evinə yaxınlaşdığında nə anası, nə atası göründü. Nicat kimsəyə görünmədən içəri keçə bildiyi üçün xəfiflik və xoşbəxtlik hiss edirdi. İçəri girdiyində bütün əşyalar öz yerindəydi. Dünən də bugünün eynisiydi. Stulu altına çəkdi, babası və özü üçün siqaret yandırıb danışmağa başladı. “Baba, hamımız öləcəyik. Mən də öləcəyəm, anam da öləcək, atam da öləcək, bəlkə bu küçələrdə yenə təkbaşına futbol oynayan kədərli uşaqlar görünəcək, bu şəhər böyüməyə davam edəcək, böyüdükcə tanıdıqlarımız azalacaq, tanıdıqlarımız azaldıqca inamla səkilərdə gəzməyimiz imkansızlaşacaq, avtobuslarda, metrolarda bir-birimizi tanımamağa başlayarıq, baba, insan dəli olmaq istəsə də ola bilməz, susaraq yola verərsən həqiqətləri, həqiqətlər çıxışı olmayan küçələrdə divar olaraq qarşımıza çıxar, o divarlara diqqət etmədən yolumuzun burda bitdiyini düşünür, səhv gəldiyimizi düşünüb geri dönərik, baba və heç kimsə cavab verə bilməz poetik suallarımıza, çünki qulaqlarımız qapalıdır və heç bir şey eşitmirik, baba.” Daha əvvəl ağlından keçən cümlələri dəftərə yazmışdı, indi özündən əlavələr etmişdi, amma nə vaxtsa böyük bir nitqə çevriləcəyini düşünməmişdi. Sanki quyunun dibindən çıxan boğuq “Nə?” kəliməsi Nicatın yenə fərqində olmadan səsli danışdığını başa düşməsinə səbəb oldu. Bu qırışıq üz indi hər şeydən uzaqlarda anlamsızlıq diyarlarında dolaşırdı. Bayaq dediyi sözlər nə qədər mənasızsa, 80 yaşlı qocanın 17 yaşlı gənci anlaması da bir o qədər çətin və imkansız idi.  “Heçnə, baba, heçnə. Siqaretin də qutarıb, sənə birini də yandırım. Sənə siqaret yandırıb xoşbəxtliyinə səbəb olmaq mənim üçün şərəfdir, baba.” Nicat axıra yaxın özündən çıxmışdı. Babası bu siqareti də bitirdi, 10 dəqiqə televizora baxdılar. Nicat durub otağı tərk etmək üçün babasına mütləq üçüncü siqareti də çəkdirməliydi. Müasir dünyada bir insanı 30 dəqiqə xoşbəxt edə bilmək şansına sahib olduğu üçün otağa girdiyindən bəri ilk dəfə özünü sevincli hiss etmişdi. Sonuncu siqaretlə qutu boşalmışdı. Qutunu əzərək masanın üstünə atdı.

Oyandığında hələ yuxunun təsiri altındaydı. Aytən bunu necə edə bilərdi? Heç cürə qəbul edə bilmir, mənasını başa düşmürdü. Susamışdı, ayağa qalxıb mətbəxdə ard-arda iki stəkan su içdi. Su əvəzinə siqaret olsaydı pis olmazdı. Köynəyi güc-bəla əyninə keçirib, aşağıya endi. Babasının evinə doğru addımlamağa başladı. Heç tərəddüd eləmədən içəri girdi və oturub siqaret yandırdı. “Başım çıxmır, baba, insanlar necə bu qədər amansız ola bilirlər, hələ Aytənin etdiyi haqsızlıq, məni tərk etməsi heç bir məntiqə sığmır. Hər şey bu qədər sadə olmamalıydı, Aytəni ilk dəfə öpdüyümdə gözlərini bağlamamağından başa düşməliydim. Hərhag mən gözlərimi bağlamışdım, sonradan mənə gözlərini bağlamadığını demişdi. Bəlkə də, mənə daha çox təsir edə bilsin deyə belə demişdi, bilmirəm. İndi çox gecdi, düzəldilə biləcək nəsə qalmayıb. Sevdiyimi nadir hallarda deyirdim, ancaq bütün həqiqətləri sən bilirsən, baba, hamısını sənə danışmışam. Səndən heç gizlinim olmayıb. Kaş ki sənin əlindən tutub şahid olaraq Aytənin yanına apara bilsəm. Sən sakit və asta səs tonunla söylədiklərimi Aytənə danışsan. Unudacaq vaxtı tapdın da. Eh, baba, eh.” Siqaretini ovcunda söndürməsinə baxmayaraq, əlindəki ağrını hiss etmirdi. İkinci siqareti də yandırdı və yenə ovcunda söndürdü. Kötükləri masanın üzərinə qoydu, bayaqkı oturuşunu pozmadan dayandı. Neçə dəqiqədir belə oturduğunun fərqində deyildi. Qapının açılmasıyla yaranan ciyiltili səs otağa yayıldı, qapıya tərəf baxdı. Anası otağın siqaret tüstüsüylə dolduğundan boğulacaqmış kimi oldu, sağ əlini əvvəlcə boğazına apardı, sonra biraz daha yuxarı qaldıraraq ağzını və burnunu qapadı. Sol əlini yelləyərək tüstünü yox etməyə çalışırdı. Nicat anasının tərs baxışlarının əzəmətindən əzilərək “Mənə heç elə baxma, mama, babamı siqaretdən məhrum etmək ona qarşı edə biləcəyimiz ən böyük haqsızlıqlardandır” dedi. Anasına maraqla baxır, verəcəyi reaksiyanı gözləyirdi. Birdən anasının üzünə çökən kədəri gördü, bu nəsə başqa bir şey idi. Anasının çöhrəsinə yayılan hüznün davamı olaraq gözləri doldu və göz yaşları səssiz-səssiz aşağıya doğru axmağa başladı. Nicat anasının on saniyəlik ağlamasının ardından çönüb otağı tərk etməsini səssizcə izlədi. Gözlərini qapıdan çəkərək ətrafa baxdı. Hər şey öz yerindəydi; kravat, televizor, şkaf, masa və oturduğu da daxil olmaqla iki stul. Anlıq baxışdan sonra üzərinə çökən gerçəkliyi bütün bədəniylə hiss etdi. Otaqda əskik olan təkcə babasıydı. Bunun fərqinə varması oyandığı andan bəri  davam edəm yarıyuxululuqdan çıxmasıyla nəticələndi. Masanın üzərində keçən gəlişində əzib atdığı boş qutunu gördü. Qutu düşüncələrində boş oyuğu dolduran son parçaydı, artıq hər şey yerbəyer olmuşdu. Qutunu əlinə aldı, ən son nə vaxt ağladığını xatırlaya bilmədi, əlləriylə örtdüyü üzündən aşağıya doğru süzülən və əllərini və boş qutunu isladan suyun varlığını duydu. Özünə gəldiyində stuldan ayağa qalxdı, əlindəki qutunun qırışıqlarını düzəltməyə çalışdı, cibinə qoydu və artıq gizləyəcək heç bir şeyinin qalmadığı həqiqəti ilə üzləşdi.

Haraya gedəcəyini bilmədən addımlarkən həyətin qapısı önündə əlində topla dayanan Kamalı gördü. Kamal ona baxaraq “Qardaş, mənimlə futbol oynamaq istəyirsən?” deyə soruşdu. Nicat qəbul etmək mənasında başını yuxarıdan aşağıya doğru yellədi və həyətdən çıxmaq üçün qapıya doğru asta-asta yeridi.

Sentyabr 2015, Bakı-İstanbul




Hiç yorum yok:

Yorum Gönder