“Məndən sizə məsləhət, heç kimdən heç kimə heç nə danışmayın.
Yoxsa, sonra siz də mənim kimi, o adamlar üçün
darıxacaqsınız.”
“Çovdarlıqda uçurumdan qoruyan”
Cerom Devid Selincer
Həyət qapısından içəriyə tərəf addımlamağa
başlayanda evlərinə getməyin arzulanan hal olmadığını anladı və sağa dönərək
babasının tək-tənha yaşadığı daxmaya yönəldi. On dəqiqə əvvəl hiss etdiyi incə
və dolğun dodaqların yerini əvəzləmək ehtiyacı qərarına təsir etmişdi. Lap əvvəl
ağzında hiss etdiyi şəkərli dad yerini susuzluğa vermiş, buna rəğmən mədəsindən
yuxarıya doğru yayılan yüngüllük hissi hələ özünü göstərməkdəydi. Bağçada yeni
açılmış qızılgüllərin gözəlliyi onu daha çox sevindirdi. İndi hər şey gözəl və
qəbullanacağı vəziyyətə çevrilmiş; quşların susmayan mahnıları, güllərin
dünyanın qarmaqarışıqlığına baxmayaraq ilk zamanlardakı kimi açması, göyüzündə
buludların təsadüfi düzülüşü, bu təbiilikdən qaynaqlanan gözəllik onu heyran
etmişdi. İndi sürətli, yoxsa asta gəzdiyinin fərqində deyildi; əlində imkanı
olsa heç tərpənməz, bu anı əlləriylə genişlətməyə çalışaraq möhtəşəmliyin və
gözəlliyin içinə yerləşərdi. Zaman anlayışın otərəfindəki mikrokozmik sahəni mənimsəmə
cəhdləri anasının arxadan gələn səsini eşitməsiylə boşa çıxdı.
“Nicat,
gəl, yemək ye. Hara gedirsən?”
Bu səsin
incəliyi bədənindən titrəmə kimi keçdi, vecsiz-vecsiz irəliləmək istəsə də,
yaranacaq problemlərin aradan qaldırılmasına indiki danışığından artıq enerji
lazım olacağını bilməyi danışması üçün kifayət edirdi.
“Babama baxıb gəlirəm, ana,
hələ ac deyiləm” dedi. Analar heç vaxt analıqlarından vazkeçməyəcək, uşaqlarsa
içdikləri süddən dolayımı, yoxsa gördükləri sevgi və şəfqətdənmi, bilmək olmaz,
hər zaman analarına boyun əyməyə davam edəcəkdilər. Neçə dəqiqə susduğunu
bilmirdi. Anasına cavab verərkən səsinin qırıldığını, ciyərlərində yaranan
havayla yuxarı doğru yüksələn sözlərin özüylə danışdığından daha fərqli
çıxdığını, kəlimələrin vacib və əsas fərqinin ifadə edildiyi vaxt səs dəyişikliyi
olduğuna diqqət etdi. Səs onun səsi ola bilərdi, fəqət içindəki səslə eyni
deyildi. İyirmi dəqiqə danışmamağı səsinə yadlaşmasına səbəb olmuşdu. “Görəsən,
çox az danışan insanlar da mənim kimi hisslər keçirirlər?” deyə düşündü. Eyni
zamanda diksindiyini, bayaq əldə etdiyi mükəmməl sakitliyi itirdiyini gördü. Həmin
an ayaqlarına “dayan!” əmri verə, gedib yeməyi yedikdən sonra kitab oxuyaraq
mürgüləyə bilərdi. Lakin geriyə dönüş yoxdu, yolun yarısını keçmişdi, üstəlik
bir müddət sonra etmədiyi bütün hərəkətlərə görə peşmanlıq çəkə bilərdi. Hər nə qədər məktəbdə diqqətləri cəlb etmək
üçün dediyi “Mən heç vaxt peşman olmuram” cümləsi varlığını davam etdirsə də,
bu onun hafizəsində gəmirici xatirələrin olmadığına sübut deyildi. İki saniyəlik
təntidi, əlini qapının cəftəsinə toxundura bildi. İçəri girəndə yeni bir qapıyla
qarşılaşdı. Qarşısındakı qapı ilə özü arasında yer koridor deyilməyəcək qədər
balaca idi. Bu nazik və uzun yer, ayaqqabıları çıxarmaq, varsa başmaqları
ayaqlarına keçirmək üçün əsas otağa keçid nöqtəsiydi. Qapının bulanıq pəncərəsindən
içəridə yanan işığı gördükdə babasının yatmadığını düşündü. Çıxartdığı
ayaqqabıları kənara qoydu, otağa girdi. Qapı tam açıldığından divara toxunub
dayandı. Qapının toxunduğu divara söykədilmiş əlavə iki əşya vardı; masa və
şkaf. Qapı tam açılarkən masa ilə aralında qalan məsafə 80 santimetrdən çox
deyildi. Masada ən
çox üç nəfər yemək yeyə bilərdi. Üstündə köhnə və yıpranmış süfrə vardı. Şkaf
masadan sonra öz məğrurluğu ilə boy göstərməkdəydi. Şkaf divara kip qoyulmuşdu,
bununla da evin bir divarı tamamiylə örtülürdü. Otaqda iki stul gördü. Masa,
stul və şkaf triosuna diqqət yetirərkən, Nicat otağın nə qədər balaca olduğu
gerçəyini qavradı. Tam qarşısındakı divara kravat söykədilmiş, şkafın qabağında
yerləşdirilmişdi. Bunlardan başqa otaqda yalnız diqqətəlayiq iki şey vardı.
Biri kravata çarpaz olaraq qoyulmuş televizor, digəri divara asılmış xalçaydı.
Nənəsi
babasıyla evlənərkən bu xalçanı cehiz olaraq gətirmişdi. Beş il əvvəl ölmüş nənəsinin
şəkili böyüdülmüş, xalçanın üzərinə asılmışdı. Otağa yenidən göz gəzdirdi. Nəhayət,
kravatın üstündə kiçilmiş bədəniylə oturan babasının fərqinə vardı. Axır
vaxtlarda çox arıqlamış, saçı-başı təmizlikdən uzaq, sir-sifəti isə hər zamankı
anlamsızlıq və çaşqınlıq içərisindəydi. Deyəsən, babası Nicatı görməmişdi, gözlərini
televizordan ayırmırdı. Nicat danışmağa qərar verərək “Salam, baba” dedi.
Qulaqları get-gedə zəifləyirdi, amma bu dəfə Nicatı birinci cəhddən eşitdi.
Könülsüzcəsinə başını fırlatdı və sifətini turşudacaqmış kimi görünsə də bundan
vazkeçərək “Salam” deyərək cavab verdi. Babasının tövründən yenə onu
tanımadığını anlamışdı, hətta “Mənim üçün daha yaxşı” kimi dəyərləndirmə etdi.
Əlini cibinə ataraq siqaret qutusunu çıxardı, babasına tərəf irəliləyərək “Sənə
siqaret gətirmişəm” cümləsini qurdu. Qutunun içindən birini çıxarıb babasının
ağzına qoydu, sağ əlini şalvarının arxa cibinə ataraq tək həmlədə çaxmağı
tapdı, o dəqiqə siqareti yandırdı. İki stuldan birini altına çəkdi, babasının
yanında oturdu. Həkimlər babasına siqaret çəkməyi qadağan etmişdilər, buna
baxmayaraq 80 yaşa çatmış adamın 65 illik vərdişindən məhrum eləmək ona mənasız
gəlirdi. Böyük ehtimalla, eyni yaşlarda siqaret çəkməyə başlamışdılar. Kim
bilir, hansı mərdimazar babasına ilk dəfə təklif etmişdi və babası bu adəti
davam etdirərək neçə nəfəri siqaretə öyrəşdirmişdi. “Lənətə gəlsin, sonsuz təkrarlanma
içində var-gəl edirik, heç bir şey dəyişmir, hamımız eyni xətaları edir,
hamımız eyni dildə sevir, hamımız eyni dildə unuduluruq. Yaşamaq nə qədər mənasız
və gözəldir.” Babasının “Nə?” sualını eşidəndə səsli danışdığını başa düşdü.
“Boş ver, baba” sözləri dodaqlarının arasından töküldü. Nicat bir
siqaret də özü yandırdı, burnundan çıxardığı dumanı seyr edərkən gözləri
babasının üzündəki boş sevincə ilişdi. Bütün həyatı boyuncamı bu mənasız sevinc
vardı üzündə; sevincləri, hüznləri, qorxuları və həyəcanları özünü yaratmaq
üçün mənasızlıqmı əlavə edirdi, yoxsa bu xəstəliyə tutulduğundan sonramı belə
olmuşdu? Bəlkə də, düşdüyü boşluqdan, keçmişsizlikdən və xatirəsizlikdən və bunların yaratdığı həyat təcrübəsindən
qaynaqlanan müdriklikdən məhrum qaldığından dolayı belə olmuşdu. Xəyala
getdiyindən nə danışdığının fərqində deyildi, zatən iki şeyi – düşünmək və
düşündüyündən fərqli şeyi danışmaq – eyni anda necə etdiyini anlamırdı. Ən son
ağzından çıxan “Baba, nənəm sənin ilk sevgilin idi?” sualını eşitdi. Ahıl kişi
yenə televizora baxırdı, amma sual marağını cəlb etmişdi ki, üzünü çevirib
“Bilmirəm” deyə cavab verdi. Nicat tək başına bütün kainatı əhatə edən və
bilinməzlik səmalarında gəzinən sualın gerçək kədərini indi hiss etmişdi. İstəmədən
səhv etmişdi, babasının beş dəqiqə əvvəlki mənasız sevincli üzü mənasız kədərliyə
çevrilmişdi. Soruşmamalıydı, fəqət şübhəsiz, ağlından nə vaxtsa belə bir sual
keçmişdi. Cavabını heç vaxt ala bilməyəcəkdi, lakin cavabın nə qədər vacib
olduğunu çox gözəl bilirdi. Öncəki nəsillərin həyatını “ağ-qara”dan başqa rəngdə
düşünə bilməsə də, rəngsiz keçmişə qarşı olan ümidi və sevgisi, rəngli gələcəyə
olan gözləntilərindən yüksəydəydi. Ən çox maraqlandığı məsələ bu idi: Babamın ilk sevgilisi nənəm olubsa və onunla
öldüyü ana qədər xoşbəxt yaşayıbsa, bu saatı xarab dünyada hər şey sonsuz təkrara
məhkum olduğundan, niyə Aytənlə olan münasibəti sonsuza qədər davam etməsin ki?
Uşaq ikən babasının danışdığı əhvalatlardan ən xoşladığı, məhz, İkinci Dünya
Müharibəsi haqqında olanlar idi: babasının bombalı, tanklı, təyyarəli,
konslagerli, hətta hədəqəsindən çıxaraq nüvə istifadə olunan müharibəni tək
başına qazandığını xəyal edərdi. O vaxtlar müharibə haqqında nəsə bilmirdi,
bilsəydi belə yatmazdan əvvəl alnında hiss etdiyi çatlamış dodaqların bütün dərdləri,
yaraları yox edəcəyini, ona yaxın oturduğu zaman hiss etdiyi isti nəfəsin
atomun təsirlərinin hamısını azaldacağını, tək üfləməsiylə təbiəti yenidən qura
biləcəyini və hər şeyi düzəldəciyini mütləq gözünün önünə gətirərdi. Balacaykən
ağlına gəlsəydi nənəsi haqqında soruşardı, cəhdlərini hamısı boşa çıxdıqda,
anası ona cavab verərdi. Amma o vaxtlar nə Aytən vardı, nə də babasının xəstəliyi.
Babasının danışdığı hadisələrin bir çoxunu unutmuşdu, üstəlik xatirələrin nə
vaxtsa həqiqətən baş verdiyinə olan inancını itirmişdi. Çəkilən aclıqlar,
insanların birlik olmasına rəğmən bəzi problemlərin heç vaxt həll olunmaması,
soyuq hava və digər şərtlər, taleyin üzlərinə gülməsiylə qazanılan qələbələr,
müharibədən qayıdanların cəmiyyətə adaptasiya cəhdləri sanki heç olmamışdı. Bir
balaca xatırlasa, yenidən mükəmməl hekayəçiliyindən istifadə etsə, Tanrıya
inancını itirmiş adamın yenidən inanmağı kimi bir şey olardı hər halda, fəqət lənət
olsun ki istədiyi hardasa qeyri-mümkün idi. İndi heç bir şeyi xatırlamırdı, bəzi
vaxtlar oturduğu, bəzi vaxtlar uzandığı Nuh əyyamından qalma kravatla vəhdətdəydi
və onu kravatsız, kravatı onsuz düşünmək mümkün deyildi. Bu beli bükülmüş adam,
indiyə qədər hər vaxt burda oturmuş, bundan sonra da burada oturacaq kimiydi.
Babasının ona baxdığını gördü. Üzündəki dərin qırışların içi toz və hörümçək
toru ilə doluymuş kimi gəldiyindən tükləri biz-biz oldu. Yaşlanmaq Nicat üçün cəhənnəm
demək idi. Nəhayət, babasının nə istədiyini qavraya bildi və cəld davranaraq
ikinci siqareti ağzına qoyub yandırdı. Babasının ciyərlərindən yuxarı doğru
yayılan duman xoşbəxtliklə eyni dərəcədəydi. “Kim bilir, bəlkə də siqaretin
siqaret olduğunu da unutmuşdur, beynində siqaretdən başqa şeyə çevrilmişdir” deyə
ağlından keçdi. Babası üçün siqaret sanki sevinc gətirən dərman idi, buna rəğmən
qadağan edilmişdi; özü də evdən gizlədirdi çəkdiyini, hərhag evdən etiraz etməzdilər,
amma özünü riskə atmayaraq hələlik belə yola verirdi. “Baba, mən gedirəm, axşam, bəlkə, yenə yanına
gəldim. Anam birazdan yeməyini və dərmanlarını gətirəcək. Mənim sənə siqaret
verdiyimi qətiyyən kimsəyə demə, oldu?” Qoca cavab vermədi. Son dediklərinin
yersiz olduğunu bilirdi. “Kim olduğumu bilməyən adam siqaret çəkdiyimizi necə
desin ki?” Amma bu cümləni deməsəydi olmazdı, dediklərindən sevinc və həzz
alırdı, aralarında yaranan, təkcə qohumluğa görə deyil, həqiqətən ikisini
bir-birinə bağlayan teli müqəddəsləşdirir, ilahlaşdırırdı. Babası onun gerçəkliyinin
aynasıydı, istədiyi sirri ona deyə bilər, yeniyetməlikdəki pessimisist və
sevinc dolu hisslərini bircə-bircə danışa bilərdi. Ayağa durdu, qapının
qabağına çatanda belindəki cüt gözü hiss etmədi. Qapını açaraq otaqdan dışarı
çıxdı.
Oyandığında otağın işığının
yanıq olduğunu gördü. İşıq gözünə düşdüyündən oyanmış ola bilərdi. Otağa göz gəzdirdiyində
anasının sərt baxışları ilə qarşılaşdı. Deməli, anası onu gözləyirdi, heç təəccüblənmədi.
“Sən siqaret çəkirsən? Nə vaxt başlamısan?” Ard-arda iki sualdan dolayı Nicat
karıxdı, ancaq vəziyyəti düzəltməyə çalışaraq bir çox gəncin etdiyi təəccübə təəccüblə
cavab vermək taktikasına əl atdı. “ Nə siqareti? Bir danış görüm nə olub, axı?”
O an çıxarkən qapını bağladığını, buna görə otaqdakı tüstünün dışarı çıxmadığını
xatırladı. Anası “babavın otağına girəndə it iyi gəlirdi, mən onsuz şübhələnməyə
başlamışdım bu baba sevgisindən” deyərək susdu. Gerçəkləri bir balaca dəyişərək
deməyə qərar verdi. “İt iyi? Yaxşı görək, ayma, yenə qarışqanı fil eliyirsən”
sözləri beynindən keçsə də, dilini dinc tutmağı bacardı. Yalanını hazırlamışdı,
“Hə, o söhbəti deyirsən. Babam məndən siqaret istədi, mən də bir-iki siqaret
alıb gətirdim. Ürəyini qırmaq olmaz, axı.” “Belə şeyi necə edə bilirsən?!
Babavın xəstə olduğunu və bunun ona qadağan olunduğunu bilirsən.” Anasının son
sözlərindəki qəzəb və hiddət açıq-aşkar sezilirdi. “Bilirəm, ayma, bilirəm,
amma babamı nə qədər çox sevdiyimi sən özün bilirsən də, yazıq kişinin ürəyin
sındıra bilmərəm.” “Bir daha belə etmə! Getdikcə nəfəs ala bilmir. Mənə söz ver
ki, bir də belə etməyəcəksən. Hələlik atava demirəm, ancaq bir də görsəm məndən
incimə.” “Mama, söz verə bilmərəm. Onsuz bu yaxınlarda ölüb gedəcək, kişini
bundan da məhrum edək?” kimi sözləri əvvəllər düşünsə də yenə demədi. Anası
susdu, ciddi və sərt baxışlarla baxdıqdan sonra otaqdan çıxdı. İnsan müəyyən
müddət sonra gerçəkləri qəbul etməli olur, ağlına başqa açıqlama gəlmədi.
Bugün Aytən dərsdə yox idi,
ikinci tənəffüsdə dəhlizdə gəzərkən bundan əmin oldu. Maraq ona üstün gəlirdi,
ağlına heç bir tutarlı səbəb gəlmədi. Dərsin axırına qədər xəbər gözləsə də
xeyri olmadı, xəbər çıxmadı. “Sabah öyrənərəm görüm nə olub!?” dedi. Aytən
yeniyetməliyinin dönüş nöqtələrindən idi. Onun hesabına özünə inamı yaranmış,
digər gənclərlə əlaqədə aqressiv tövrlərindən vazkeçmiş, hərəkətlərini nizama
salmışdı. Aytənin bunları necə etdiyini bilmirdi, özlüyündən də dəyişmiş ola
bilərdi. Sadəcə sevginin əşyalara, insanlara, davranışlara qayğı göstərmək
bacarağının inkişafına töhfə verdiyi həqiqəti var idi. Məktəbin qapısından
bayıra çıxanda nə edəcəyini hələ bilmirdi. Evəmi getsin, yoxsa biraz orda-burda
veyillənsinmi dilemmasıyla qarşı-qarşıyaydı. Məhəllədə biraz avaralanmağı
seçdi.
Küçənin başında qarşı tərəfdəki
mağazının önündə duran A.-nı gördü. A. onun məktəbdə ilk aşiq olduğu qız idi.
Aradan keçən illərdən sonra diqqətlə baxdığı zaman A.-nın gözəl olmadığını, hətta
çirkin sayıla biləcəyini gördü. Düşündükcə qızın nəyini sevdiyini anlamırdı.
Uşaqkən yaşadığı hissin aşiq olmaq olduğunu hardan biləydi ki? Buna eşq demək
olmazdı. A.-nı gördüyündə həyəcanlanırdı, əksini iddia etmək uşaqlığına xəyanət
olardı. Deməli, bütün məsələ Aytəndəymiş. Aytən, Nicatın əlindən tutub gözəlliyi
tək-tək ona başa salmamışdı, amma hiss elətdirdiyindən əmindir. Aylar, illər
sonra Aytəndən bezə bilər, onu tərk edə bilərdi, düşünmək nə qədər qorxunc idi,
fəqət qorxunc olduğu qədər də gerçək idi. Kim idi Aytən? Həyatına necə
girmişdi? Necə olmuşdu ki, düşüncələrinə və ağlına hakim kəsilmişdi? Təkrar mağaza tərəfə baxdığında A.-nı görmədi.
Biraz hüznləndi, səbəbini başa düşmədi. Boş küçənin axırına çatanda sağa döndü,
tək futbol oynayan Kamalla qarşılaşdı. Kamal sısqa, yaşına görə qısaboylu,
geniş almacıq sümükləri ilə diqqət çəkən 12 yaşında oğlan idi. Çiyinləri geniş
deyildi, əlləri o qədər uzun idi ki, yöndəmsiz görünürdü, barmaqları incə və
uzun - əsl pianoçu barmağı kimi- idi, boynunun sol tərəfində anadangəlmə iri
xal vardı. Nicatdan beş yaş balacaydı. Çox ağıllı biri deyildi, məhlənin digər
uşaqları tərəfindən sevilmirdi. Nicat bunun səbəbini uşaqlardan soruşduqda,
onlar bir ağızdan “Topu var, amma bizimlə oynamır, elə ancaq tək oynayır”
demişdilər. Əgər tək oynamağı yalnız bu
aralar olsaydı, Kamalın atasının ölümüylə əlaqələndirə bilərdi. Kamalın artıq
dünyada güvənə biləcəyi həqiqi mənadakı gücü itirdiyindən çəkingən davranmağı
normal olardı. Belə davranmağı təkcə iki aylıq məsələ deyildi, əvvəldən, topu
aldığından bəri beləydi. Kamala yaxınlaşdıqca heç ümid eləməsə də, yenə şansını
yoxlamaq istədi.
“Salam, Kamal” deyərkən
gülümsəməyə çalışırdı. Nicatı görər-görməz topu saxladı, əlinə götürdü və
qorxmuş səs tonuyla “Salam, Nicat” dedi.
“Necəsən, igid? Tək adamlıq futboldan bezməyən yeganə adamsan dünyada.”
Son sözlərini deyərkən istehza etdiyini hiss etdi. Kamal, Nicatın ona istehza
etdiyini anlamamışdı, üstəlik səsindəki qorxaqlıq yox olmuşdu. “Bəsdi görək,
adam nə qədər tək oynayar, bezmirsən heç? Niyə həmişə tək oynayırsan?” Bu
sualın ağlına hardan gəldiyini bilmirdi, böyük ehtimalla, insani maraq özünü
baş qaldırmış və üsyan zəfərlə nəticələnmişdi. Hərgah indi Kamal qəbul etsə də,
futbol oynamazdı. Əvvəllər səhərdən ta axşama qədər top dalıyca qaçır, yalnız
qaranlıq çökdüyündə evə geri dönərdi. Nə vaxtdı ayağına top dəymirdi, uşaqlar nə
qədər təklif eləsələr də razı olmurdu. Özünə görə haqlı səbəbləri varıydı;
artıq böyümüşdü, futbol sevgisi uşaqlıq simvoluydu, arxada qoymaq daha düzgün
olardı. Aytəni, babası, düşüncələri və
cibində bir qutu siqareti vardı. Oynasaydı siqaret çəkdiyi üçün təngnəfəs
olardı. “Əslində, mən də tək oynamağı sevmirəm, amma necə deyim...” Kamalın
sözlərini yarıda saxladığını görən Nicat özünü anlayırmış kimi göstərərək “Çəkinmə,
de görək” dedi
“Mənim ən çox qorxduğum şey
topun partlamağıdır. Uşaqlarla hər gün oynasam top xeyli köhnələr.” Nicat sifətinə
ciddi görkəm verib etiraz elədi. “Sən oynasan da, oynamasan da top hər gün köhnəlir
və nə vaxtsa mütləq partlayacaq. O partlasın deyə yaradılıb.” Yenə axırlarda
istehzaya keçmişdi. Kamalın üzündə bu iynələməyə görə inciyib-küsən ifadə yox
idi. Nicatı sevindirən təkcə şey bu idi.
“Amma topu mənim üçün atam almışdı.” Getdikcə səs tonu alçalan Kamalın
danışmaqda əziyyət çəkdiyi, toxunsan ağlayacaqmış kimi dayanması hər halından bəlliydi.
“Anamın pulu yoxdu, mənə əsla yeni top ala bilməz” sözləri Nicatın üzünə sillə
kimi dəydi. Sözlərin yaratdığı qüssəylə
başını aşağıya dikmişdi, başını qaldırdığında Kamal artıq evlərinin qapısını
açmış, ona doğru baxmaqdaydı. Biraz daha baxdıqdan sonra Kamal içəri girib gözdən
itdi. Aytən gəlməmişdi,Kamal onu dilxor
etmişdi, deməli, indi siqaret çəkməsi üçün kifayət qədər səbəbi vardı.
Babasının evinə
yaxınlaşdığında nə anası, nə atası göründü. Nicat kimsəyə görünmədən içəri keçə
bildiyi üçün xəfiflik və xoşbəxtlik hiss edirdi. İçəri girdiyində bütün əşyalar
öz yerindəydi. Dünən də bugünün eynisiydi. Stulu altına çəkdi, babası və özü
üçün siqaret yandırıb danışmağa başladı. “Baba, hamımız öləcəyik. Mən də öləcəyəm,
anam da öləcək, atam da öləcək, bəlkə bu küçələrdə yenə təkbaşına futbol oynayan
kədərli uşaqlar görünəcək, bu şəhər böyüməyə davam edəcək, böyüdükcə
tanıdıqlarımız azalacaq, tanıdıqlarımız azaldıqca inamla səkilərdə gəzməyimiz
imkansızlaşacaq, avtobuslarda, metrolarda bir-birimizi tanımamağa başlayarıq,
baba, insan dəli olmaq istəsə də ola bilməz, susaraq yola verərsən həqiqətləri,
həqiqətlər çıxışı olmayan küçələrdə divar olaraq qarşımıza çıxar, o divarlara
diqqət etmədən yolumuzun burda bitdiyini düşünür, səhv gəldiyimizi düşünüb geri
dönərik, baba və heç kimsə cavab verə bilməz poetik suallarımıza, çünki
qulaqlarımız qapalıdır və heç bir şey eşitmirik, baba.” Daha əvvəl ağlından keçən
cümlələri dəftərə yazmışdı, indi özündən əlavələr etmişdi, amma nə vaxtsa böyük
bir nitqə çevriləcəyini düşünməmişdi. Sanki quyunun dibindən çıxan boğuq “Nə?”
kəliməsi Nicatın yenə fərqində olmadan səsli danışdığını başa düşməsinə səbəb
oldu. Bu qırışıq üz indi hər şeydən uzaqlarda anlamsızlıq diyarlarında
dolaşırdı. Bayaq dediyi sözlər nə qədər mənasızsa, 80 yaşlı qocanın 17 yaşlı gənci
anlaması da bir o qədər çətin və imkansız idi.
“Heçnə, baba, heçnə. Siqaretin də qutarıb, sənə birini də yandırım. Sənə
siqaret yandırıb xoşbəxtliyinə səbəb olmaq mənim üçün şərəfdir, baba.” Nicat
axıra yaxın özündən çıxmışdı. Babası bu siqareti də bitirdi, 10 dəqiqə
televizora baxdılar. Nicat durub otağı tərk etmək üçün babasına mütləq üçüncü
siqareti də çəkdirməliydi. Müasir dünyada bir insanı 30 dəqiqə xoşbəxt edə bilmək
şansına sahib olduğu üçün otağa girdiyindən bəri ilk dəfə özünü sevincli hiss
etmişdi. Sonuncu siqaretlə qutu boşalmışdı. Qutunu əzərək masanın üstünə atdı.
Oyandığında hələ yuxunun təsiri
altındaydı. Aytən bunu necə edə bilərdi? Heç cürə qəbul edə bilmir, mənasını
başa düşmürdü. Susamışdı, ayağa qalxıb mətbəxdə ard-arda iki stəkan su içdi. Su
əvəzinə siqaret olsaydı pis olmazdı. Köynəyi güc-bəla əyninə keçirib, aşağıya
endi. Babasının evinə doğru addımlamağa başladı. Heç tərəddüd eləmədən içəri
girdi və oturub siqaret yandırdı. “Başım çıxmır, baba, insanlar necə bu qədər
amansız ola bilirlər, hələ Aytənin etdiyi haqsızlıq, məni tərk etməsi heç bir məntiqə
sığmır. Hər şey bu qədər sadə olmamalıydı, Aytəni ilk dəfə öpdüyümdə gözlərini
bağlamamağından başa düşməliydim. Hərhag mən gözlərimi bağlamışdım, sonradan mənə
gözlərini bağlamadığını demişdi. Bəlkə də, mənə daha çox təsir edə bilsin deyə
belə demişdi, bilmirəm. İndi çox gecdi, düzəldilə biləcək nəsə qalmayıb.
Sevdiyimi nadir hallarda deyirdim, ancaq bütün həqiqətləri sən bilirsən, baba,
hamısını sənə danışmışam. Səndən heç gizlinim olmayıb. Kaş ki sənin əlindən
tutub şahid olaraq Aytənin yanına apara bilsəm. Sən sakit və asta səs tonunla
söylədiklərimi Aytənə danışsan. Unudacaq vaxtı tapdın da. Eh, baba, eh.”
Siqaretini ovcunda söndürməsinə baxmayaraq, əlindəki ağrını hiss etmirdi.
İkinci siqareti də yandırdı və yenə ovcunda söndürdü. Kötükləri masanın üzərinə
qoydu, bayaqkı oturuşunu pozmadan dayandı. Neçə dəqiqədir belə oturduğunun fərqində
deyildi. Qapının açılmasıyla yaranan ciyiltili səs otağa yayıldı, qapıya tərəf
baxdı. Anası otağın siqaret tüstüsüylə dolduğundan boğulacaqmış kimi oldu, sağ əlini
əvvəlcə boğazına apardı, sonra biraz daha yuxarı qaldıraraq ağzını və burnunu
qapadı. Sol əlini yelləyərək tüstünü yox etməyə çalışırdı. Nicat anasının tərs
baxışlarının əzəmətindən əzilərək “Mənə heç elə baxma, mama, babamı siqaretdən
məhrum etmək ona qarşı edə biləcəyimiz ən böyük haqsızlıqlardandır” dedi.
Anasına maraqla baxır, verəcəyi reaksiyanı gözləyirdi. Birdən anasının üzünə
çökən kədəri gördü, bu nəsə başqa bir şey idi. Anasının çöhrəsinə yayılan hüznün
davamı olaraq gözləri doldu və göz yaşları səssiz-səssiz aşağıya doğru axmağa
başladı. Nicat anasının on saniyəlik ağlamasının ardından çönüb otağı tərk etməsini
səssizcə izlədi. Gözlərini qapıdan çəkərək ətrafa baxdı. Hər şey öz yerindəydi;
kravat, televizor, şkaf, masa və oturduğu da daxil olmaqla iki stul. Anlıq
baxışdan sonra üzərinə çökən gerçəkliyi bütün bədəniylə hiss etdi. Otaqda əskik
olan təkcə babasıydı. Bunun fərqinə varması oyandığı andan bəri davam edəm yarıyuxululuqdan çıxmasıyla nəticələndi.
Masanın üzərində keçən gəlişində əzib atdığı boş qutunu gördü. Qutu düşüncələrində
boş oyuğu dolduran son parçaydı, artıq hər şey yerbəyer olmuşdu. Qutunu əlinə
aldı, ən son nə vaxt ağladığını xatırlaya bilmədi, əlləriylə örtdüyü üzündən
aşağıya doğru süzülən və əllərini və boş qutunu isladan suyun varlığını duydu.
Özünə gəldiyində stuldan ayağa qalxdı, əlindəki qutunun qırışıqlarını düzəltməyə
çalışdı, cibinə qoydu və artıq gizləyəcək heç bir şeyinin qalmadığı həqiqəti ilə
üzləşdi.
Haraya gedəcəyini bilmədən
addımlarkən həyətin qapısı önündə əlində topla dayanan Kamalı gördü. Kamal ona
baxaraq “Qardaş, mənimlə futbol oynamaq istəyirsən?” deyə soruşdu. Nicat qəbul
etmək mənasında başını yuxarıdan aşağıya doğru yellədi və həyətdən çıxmaq üçün
qapıya doğru asta-asta yeridi.
Sentyabr 2015, Bakı-İstanbul
Hiç yorum yok:
Yorum Gönder