Azərbaycan Respublikası Kino Agentliyinin təşkil etdiyi “Film layihələri müsabiqəsi”nin 23-24 noyabr tarixilərində pitçinq (layihələrin müdafiəsi) mərhələsi keçirildi. Bu mərhələyə ümumilikdə 30 layihə buraxılmışdı və bu layihələrdən əlavə, 16 tələbə filmi layihəsi də seçilərək istehsalata buraxılmaq şansı əldə etdi. Bu yazımda da məhz pitçinq ərzində gördüklərimi, təqdim olunan layihələr barədə ümumi düşüncülərimi çatdırmaq istəyirəm.
Əvvəlcə 16 tələbə filmi layihəsinin seçilməsini yüksək qiymətləndirməli olduğumuzu vurğulamaq istəyirəm. Mədəniyyət və İncəsənət Universitetinin maddi-texniki bazasının yetərsiz olması orada oxuyan rejissorlar, ssenaristlər üçün əngəl törədirdi. Vəziyyəti bir nümunə ilə aydınlaşdırmaq istəyirəm. Bu il VQİK-in keçirdiyi tələbə filmləri festivalında və Bakı Beynəlxalq Qısa Filmlər Festivalında qalib gələn Səməd Mehriban Ağayev ərsəyə gətirdiyi "Salam, İsa" filmini kredit götürərək çəkdiyini bildirir. Halbuki o, bu filmi diplom işi olaraq çəkibmiş. Filmin texniki səviyyədə yaxşı olması üçün lazım olan maddi-texniki baza ADMİU-da olmadığına görə bu yola əl atıb. Ümid edirəm ki, bu yanaşma davam edəcək və tələbələr daha çox film çəkmək və təcrübə qazanmaq şansı əldə edəcəklər. Tələbələrlə işləyəcək Elxan Cəfərova bu əhəmiyyətlə yolda uğurlar arzu edirəm.
Axırda deməli olduğumu əvvəldə demək istəyirəm: Müsabiqənin pitçinq mərhələsinə seçilən işlərin əksəriyyətinin səviyyəsi aşağı idi. Hətta ötən müsabiqənin pitçinq mərhələsinə buraxılmayan dörd layihə bu dəfə növbəti mərhələyə keçə bilmişdi (Haradan bildiyimi soruşmayın, jüridə idim). Bu qədər aşağı səviyyə olmasında əsas səbəbkar isə Mədəniyyət Nazirliyidir. Çünki həmin müsabiqənin qaliblərinə ödənişi etməyərək hazırki layihənin etibarlılığına xələl gətirirlər. Rejissorlar haqlı olaraq düşünür ki, əgər bir dəfə qazanmışam və mükafat verilməyibsə, niyə yenidən müraciət edim?
Burada ssenariləri oxumamış kənardan baxan bir şəxs olaraq başqa bir məqama diqqət çəkmək istəyirəm. Əksər rejissorlarımız, prodüserlərimiz hələ də layihənin necə təqdim edilməli olduğunu öyrənə bilməyiblər. Təqdimatları ərzində onlara verilən vaxtın az qala yarısını öz bioqrafiyalarına və gördükləri işlərə ayırır, filmin məğzini və layihənin hədəfini auditoriyaya, jürilərə çatdırmaqda çətinlik çəkirlər. Hətta bir layihədə təkcə ssenarist çıxıb təqdimat etdi ki, bu da düzgün deyil. Ssenari ilə artıq münsiflər tanışdır, rejissor çıxıb öz perspektivini və baxış bucağını çatdırmalı, insanları inandırmalı idi. Ssenarist isə əlbəttə ancaq yazılı mətni izah etməyə çalışırdı. Burada həll yolu pitçinq barəsində ustad dərslərinin, intensiv kursların təşkilidir ki, təcrübə qazansınlar və layihələrini daha aydın, daha səlis təqdim edə bilsinlər.
Təqdim olunan layihələr arasında başqa bir diqqətimi çəkən məqam vizual tərəfin axsaqlığı idi. Layihələri təqdim edənlərin çox az qismi vizual nümunələrlə çıxış edir, filmi necə təsəvvür etdiklərini göstərməyə çalışırdılar. Tizeri olan layihələri sayı isə bir əlin barmağını keçmirdi. Orada layihələrlə iştirak edən bir prodüserə şəxsi söhbət zamanı iradımı bildirdiyimdə cavabı belə oldu ki, nəticələrin açıqlanması ilə pitçinq mərhələsinin keçirilməsi arasında vaxt çox az idi, ona görə də çatdıra bilmədim. Müsabiqənin təşkilatçıları bunu mütləq nəzərə almalıdılar. Tizer olmayanda rejissorun yanaşmasını və duyumunu qavramaq çətinləşir.
Bu yazıda bütün layihələr barədə, üstəlik ssenariləri oxumamış, fikir bildirmək mümkün deyil, lakin xüsusi diqqətimi çəkən məqamlardan bəhs etməsəm olmaz. Ən diqqətimi çəkən bir layihənin seçilməsinə və pitçinqə buraxılmasına jürilərin özünün də təəccüblənməsi oldu. “Karvan Production”ın təqdim etdiyi “Qurtuluş” layihəsinin pitçinqində iki jüri “Biz bu layihəni buraxmamışdıq axı” dedilər. Bu cür anlaşmazlıqların hansı səbəbdən baş verdiyi aydın olmadı. Burada layihəni təqdim edənləri ittiham etmirəm, əksinə jüri daxili koordinasiyasızlığın kənardan suallar yaratdığına diqqət çəkmək istəyirəm.
Başqa bir diqqətçəkən məqam isə, “Baku Media Mərkəzi”nin təqdim etdiyi “Borc” layihəsində baş verdi. Sözügedən layihənin təqdimatı zamanı jürilərə ssenari təqdim olundu. Ssenari olmadan bu layihəni pitçinqə necə və niyə buraxdıqları qaranlıq qaldı. Əgər ssenarisiz pitçinqə keçmək mümkündürsə, onda ARKA tərəfindən niyə belə bir şərt qoyulub? Elə hər kəs qısa bir sinopsislə müraciət etsin, pitçinqə seçilərsə, ssenari təqdim etsinlər. Məncə, bu şərtləri əlavə etsələr, daha şəffaf bir proses olar. Bəlkə də buna əsas səbəb, filmin rejissoru Orman Əliyevin həm də təzəlikcə yaradılan “Ekspert Şurası”nda da yer almasıdır.
Pitçinq mərhələsinin ən maraqlı məqamı isə “SFN Production” tərəfindən təqdim olunan “Arılar və qəbirlər” layihəsinin təqdimatı zamanı baş tutdu. Rejissor Amil Məmibəyli təqdimata prezident ilə birgə fotolarını qoymuşdu və üstəlik bunu da qeyd etdi ki, bu layihə barəsində prezidentə məlumat vermişəm və növbəti Zəfər Gününə çatdırmağı düşünürəm. Sanki bu sözlərlə jürinin həmin layihəni seçməsi üçün təzyiq yaradırdı. Analoqu olmayan pitçinqə görə rejissora təşəkkür düşür. Bundan sonra gənc prodüserlər, rejissorlar özlərini inkişaf etdirib parlaq ideyalar düşünmək əvəzinə, yeni növ pitçinq üsulundan istifadə edərək uğur qazana bilərlər.
Daha bir odlu-alovlu təqdimat isə Rəşid Ağamalıyevin çıxışında baş verdi. Layihə əvəzinə birbaşa şəxsin adını çəkməyimin səbəbi budur ki, Rəşid Ağamalıyev özünü həm də Azərbaycan Animasiya Assosiasiyasının İdarə Heyətinin sədri kimi təqdim etmişdi. Ümumilikdə animasiya olaraq 10 layihənin müraciət etdiyini, bu layihələrin də kifayət qədər yaxşı layihələr olduğunu bildirdi və etiraz etdi ki, niyə 10 layihədən cəmi 2 layihə pitçinqə keçib. Rəşid Ağamalıyev bu iradında haqlıdır və animasiya sahəsinə daha çox diqqət ayrılmalıdır. Daha sonra nitqinə “Az qala pitçinqi boykot edəcəkdim” deyəndə isə istər-istəməz gülümsədim. Çünki DokuBaku-da senzuraya etiraz edənləri ikiüzlü adlandıran, prodüseri olduğu “Hədis” filmi “Korkut Ata” Film Festivalının proqramına qəbul edilməyəndə dinməyən burada da boykot etməyəcəkdi. Belə bir sonluğa ehtiyac olmadığını düşünürəm.
Daha bir mübahisəli məqam isə “Bizim Kino MMC”nin təqdim etdiyi “Görmə qüsuru” layihəsində baş verdi. Bu layihə daha əvvəl “Azərbaycanfilm” tərəfindən ödəniş edilərək alınıbmış, ona görə də iştirakı mübahisəli idi. Görünür, bu layihənin hüquqi müstəvidə dəyərləndirilməsi xeyli vaxt alacağı üçün qərarı sonraya buraxıblar və layihəni pitçinqə dəvət ediblər. Nə rejissorunun, nə də prodüserinin pitçinqdə iştirak etmədiyi, yaşı yetmişi adlamış Ramiz Fətəliyevin ssenari müəllifi olduğu üçün layihəni təqdim etməsi müəyyən suallar yaradırdı. Bəlkə də bu qocaman kino adamımızın xatirinə layihənin seçilmə ehtimalını yoxlamaq istəyiblər.
Ümumilikdə yaradıcı səviyyənin bu qədər aşağı olduğu mühitdə bəzi layihələrin seçilməməsi də təəccüb yaradır. Məsələn, daha əvvəl çəkdiyi filmlərlə kifayət qədər uğur qazanan İlqar Nəcəfin layihəsi bu mərhələyə buraxılmayıbmış. Üstəlik layihə üçün tələb olunan 400 min manata yaxın məbləğin 200 min manatı “Butafilm” tərəfindən qarşılanırmış. Orxan Fikrətoğlu öz açılış çıxışlarında vurğulayırdı ki, ARKA-ya yalnızca iki il dövlət tərəfindən dəstək göstəriləcək, daha sonra isə ARKA müstəqil maliyyələşəcək. Belə olan halda, niyə büdcəyə qənaəti və rejissorun nüfuzunu nəzərə alıb seçim etməyiblər? Halbuki ssenarisi pitçinq günündə təqdim edilən 1.2 milyon manatlıq “Borc” layihəsini keçirmişdilər.
Orxan Fikrətoğlu yuxarıda yazdığım səbəbdən ötrü seçilən layihələrin maliyyə dayanıqlılığını da nəzərə alınmasını xahiş edirdi. Ancaq təqdim edilən layihələrin ikisi xaric, digər layihələrdə bu potensialın olmadığı çox bəlli idi. Yalnızca “Dream Big Company”nin təqdim etdiyi, rejissorluğunu Elvin Abdullanın edəcəyi “Sehrli papaq” layihəsi və “Mozg Media Group MMC”nin təqdim etdiyi və rejissorluğunu Samir Kərimoğlunun edəcəyi “Sözün varsa, de!” layihələri geniş auditoriyanın marağına səbəb olacaq tərzdə və mövzularda idi.
Jürilər kifayət qədər adekvat rəylər verir, müəlliflərin öz fikirlərini aydın formada çatdırması üçün uyğun şəraiti yaratmağa çalışırdılar. Burada əsas problemli məqam İctimai Televiziyada direktor müavini vəzifəsində çalışan Murad Hüseynovun jüridə təmsil olunmağı idi. Çünki pitçinqə buraxılan layihələr arasında “Əsrin müqaviləsi” layihəsi vardı ki, təqdim edən qurum “İctimai Televiziya və Radio Yayımları Şirkəti” idi. Burada maraqların toqquşması baş verdiyi üçün ya jüri olaraq Murad Hüseynov dəvət edilməməli idi, ya da İctimai Televiziyanın layihəsi buraxılmamalı idi.
Murad Hüseynovu jüri olaraq dəvət etməkdə əsas səbəb onun siyasi-ictimai proqramda aparıcılıq etməsi olub. O, öz rəylərində də filmlərə dövlət marağından çıxış edərək yanaşırdı. Görünür, ARKA rəhbərliyi yenə əlavə təhlükəsizlik tədbirləri görmək istəyiblər. Halbuki buna ehtiyac yoxdur, rejissorlarımıza özünüsenzura zamanla elə yeridilib ki, sual yaradacaq iş təqdim etmək ağıllarının ucundan da keçməz. Bu qədər ehtiyatlı davranmağa ehtiyac yoxdur.
Pitçinqdə az da olsa, müsbət mənada diqqətimi çəkən layihələr də oldu. “Rakurs Film-Media"nın təqdim etdiyi “Mənə bənzər adam görməmisiniz ki?” həm unikal həlli, həm də yanaşması ilə təqdirəlayiq idi. Hərçənd filmin rejissoru İsmayıl Səfərəlinin “Balıqçının qızı” filmi də ideya olaraq yaxşı olsa da, implimentasiyada uğursuzluğa düçar olmuşdu, ancaq yenə də müəllif ikinci şansı bu layihə ilə qazana bilər. “Rental Azərbaycan” tərəfindən təqdim olunan və rejissoru Nurlan Həsənli olan “Erkən hisslər” qısametraj filmi ən uğurlu pitçinq nümunəsi idi. Rejissor yanaşması, vizual həll, fikrin aydın çatdırılması bu pitçinqi digərlərindən fərqləndirirdi. “Rental Azərbaycan”ın digər qısametrajlı layihəsi olan “Kapitan və Xəzər Dənizi” sənədli kateqoriyasında idi. Bu layihədə kinomuzda çox da rast gəlinməyən bir yanaşmadan- sənədli xronika ilə animasiya hibridindən- istifadə edilib. Türkan Hüseynin bu layihəsi də pitçinqin favoritləri arasında idi. Rejissorluğunu Fariz Əhmədovun etdiyi və “Bakı Media Mərkəzi” tərəfindən təqdim edilən “Ölüm axtaran qadın” layihəsi də həm mövzunun aktuallığına, həm də yanaşmasına görə diqqət çəkirdi. Baş qəhrəmanların minaaxtaran qadınlar olması və onların həyat hekayəsinin müşahidə janrında göstərilməsi layihəni potensialını artırır.
27 noyabr tarixində ARKA tərəfindən edilən açıqlamada qeyd olunub ki, 4 tammetrajlı bədii film layihəsi seçilib. Hərçənd bu layihələrin adı qeyd olunmayıb, ancaq gördüyüm və edilən təqdimatlardan bu qənaətə gəlmişəm ki, iştirak edən layihələr arasında maliyyələşməyə layiq görülə biləcək 4 tammetrajlı bədii film yoxdur. Nəticələr açıqlananda hansı filmlər olduğunu ictimaiyyət öyrənəcək. Seçilən layihələrin uğurlu olub-olmadığını isə zaman göstərəcək. Necə deyərlər, yaşayarıq, görərik.
Uzun sözün qısası, yenə də tapşırıq.
YanıtlaSil