2 Ağustos 2018 Perşembe

Arif Babayev və Bakı




Bakının insanları, küçələri, binaları, yastı damları ilə birgə İçərişəhər silueti, metrosu, Neft Daşları Arif Babayev yaradıcılığındakı poetik bir dillə Azərbaycan kinematoqrafiyasına qədəm qoymuş və orda özünə əbədi bir guşə seçmişdir. Unudulmaz, sentimental, melanxolik, bəzən məğrur, bəzən kinayəli dialoqlardan savayı küçələr də dialoqlara qoşulmuş, həm küçə dili, həm də məkan Sovet senzurasının təsiriylə yaranmış ədəbi dil quruluğundan uzaqlaşaraq özünə yeni kolorit yaratmışdır. Arif Babayevin dühası avanqard olmaqla yanaşı, özlüyündə Bakı sevgisini təcəssüm etdirdiyi üçün fərqli bir cığıra keçmiş, zəhmət və istedadın harmoniyasına əlavə olunan odlu-alovlu sevgi yeni ifadə vasitələrinə yol tapmışdır.
Təsadüfi deyil ki, quruluşçu rejissoru olduğu səkkiz tammetrajlı filmin altısında məkan olaraq Bakını seçmiş və məkanı arxa fondan önə, obrazlardan birinə məharətlə çevirmişdir. Sözügedən altı filmdə istifadə olunan məkan eyni olsa da, ona baxışı və ifadəsi tamam fərqli bucaqlardan gerçəkləşdiyi üçün əsla sıxıcı olmur, tam əksinə, hər dəfə həm rejissor özü bu obrazın yeni cəhətlərini kəşf edir, həm də izləyicini bunu dərk etməyə və yenidən dəyərləndirməyə dəvət edir. Sovet Azərbaycanı dövründə çəkilmiş əksər filmlərin titrlərində ilk əvvəl rejissorun yox, məhz ssenaristin adının yazılması məhsullarda məzmunun formadan daha üstün və vacib olduğunu vurğulayan bir nişanə olsa da, Arif Babayevin quruluş verdiyi əsərlər öz forması, prizması baxımından ssenarinin qabağına keçir, üstələyir, müəllif filmi anlayışına uyğun gəldiyini isbatlayır. Ölümündən sonra Arif Babayevə ithafən çəkilən iki qısametrajlı filmdə (Gün keçdi-1994, Bakının eyvanları - 1986) müəllifin dəst-xətti təkrarlanmağa çalışır, hörmət və ehtiramla yad edilir.

Gizli Trilogiya
Adamayovuşmaz Babayevin ilk üç filmi olan “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi” və “Gün keçdi” maraqlı bir ardıcıllığa nişan verir. Belə ki, filmlərin adına diqqət edəndə açıq-aşkar insan həyatının müxtəlif dövrlərinə və zamanlarına birbaşa vurğu qoyulduğunu görürük.

“İnsan məskən salır” filmi bir gəncin Neft Daşlarında işləməyə başlaması və orda yaşadığı adaptasiya problemlərindən bəhs edən psixoloji dramadır. Filmdəki insanın məskən salmaq cəhdləri və təbiət qarşısındakı acizliyi (yerinə gəldiyi briqadirin tufan nəticəsində ölümü buna sübutdur) həm bəşər övladının ibtidai dövrlərinə bənzəyir, həm də balaca körpənin yardıma və qayğıya ehtiyac halını xatırladır, doğulduqdan sonra ətraf mühitlə əlaqəsi ilə bənzərlik təşkil edir. İnsanlığın qorxu və təhlükə anında birləşməsi, bir araya gəlməsi və bu qorxu üzərində qələbə qazanması Neft Daşları üzərinə köçürülür. Neftçi yoldaşının ölümünü qəbullanmayan fəhlələr onun yerinə gələn yeni işçini (Ramiz – Ələsgər İbrahimov) xoş qarşılanmır. Yalnız özünü sübut etdikdən sonra münasibətlər düzəlir və Ramiz orda həmişəlik məskən salır. Neft Daşlarının və Xəzər dənizinin burda obrazlaşdığını, aktiv bir iştirakçıya çevrildiyini görürük. Xəzərin tufanlarına, burulğanlarına baxmayaraq onun ram edilməsi insanların təbiəti fəth edərək antropogen landşaft qurmaqla eyniləşir. Neft Daşları həm də Bakının metaforudur. Çöllük, susuz, şoran, ağac bitməyən Bakının neft mərkəzlərindən birinə çevrilməsindən sonra abadlaşması, yeni məskunlaşmaların artması və buruqlardan ibarət çölün ortasında həyatın başlaması insanların dənizin ortasında Neft Daşlarını qurması və orda yaşamasıyla çox oxşardır. Arif Babayevin Bakının salnaməsinə bənzər Neft Daşlarına müraciəti bununla bitməyəcək, “Ömrün saatları” filmində, başqa bir aspektdən yenidən dəyərləndiriləcəkdir. Bu barədə daha sonra...

1968-ci ildə çəkilən “Uşaqlığın son gecəsi” filmi özümdən uydurduğum “Gizli Trilogiya”nın ikinci filmidir. İlk filmdə başlanan tendensiya burda davam edir, insan həyatının ikinci dövrünə - gəncliyə- nəzər salınır. Bu filmdə Arif Babayev xeyli səxavətli davranır və Azərbaycan kinosuna bir sıra yenilikləri daxil edir: küçə dilini, filmdə ilk estrada musiqisini, Bakı fonunda modernlik və mühafizəkarlıq konfliktini, Beatles”ı.   
Muradın (Ənvər Həsənov) işə girməsiylə uşaqlığının bitməsi və gəncliyinin başlaması fonunda dövrün Bakısı, atmosferi, gənclərinin həyatı, maraqları sərgilənir. Davud (Məmmədsadıq Nuriyev) roluyla Arif Babayev öz qardaşının prototipini yaradır. Başında “şəpkəsi” damda quş saxlayan Davud mühafizəkar Bakının ştrixlərini müəyyən edir ki, filmdə dediyi “əvvəllər böyük var idi, kiçik var idi” sözləri konflikti aydınlaşdırır. Digər tərəfdə isə “homeparty”lərdə caz, Beatles dinlənilir. Bu mübarizə məhz bir il sonra Eldar Quliyevin “Bir cənub şəhərində” filmində əsas mövzuya çevriləcəkdi.
Bəzən kameranın görüntülədiyi, bəzənsə rəssam Elbəy Rzaquliyevin çəkdiyi Bakı mənzərələri Arif Babayevin qırmızı xəttini təşkil edir. Rejissor bütün filmlərində əlindən gəldiyi qədər bu qırmızı xəttin ifadəsinə və mədhinə çalışır. Musiqili Komediya Teatrında kostumer vəzifəsində   çalışan  Törəxanım Zeynalovanı  “Nənə” rolunda öz film heyətinə daxil edir. Daha əvvəl də bir neçə epizodik rolda oynayan bu qadının ən yaddaqalan obrazının məhz bu filmdə olması təsadüfil deyil: Arif Babayev onun epizodik rolunu məhz xalqın dili ilə, yəni hamımızdan biri kimi danışdıraraq yaddaqalana çevirir. Bakı metrosu da filmdə görüntülənir. Murad və Rüstəmin macəralarında müxtəlif situasiyalar aşkara çıxarılır. Filmin finalında isə Polad Bülbüloğlunun ifasında “Gəl, ey səhər” mahnısı onu unudulmaza çevirir.

1971-ci ildə Anar Rzayevin “Gürcü familyası” hekayəsi əsasında ekranlaşdırılan “Gün keçdi” filmi “Gizli trilogiya”nın son halqasıdır. Burda artıq gənclik illəri başa çatmış və orta yaşa qədəm qoyan  bədbəxt və kədərli iki insanın hekayəsindən danışılır. Oqtay (Həsən Məmmədov) və Əsmər (Leyla Şıxlinskaya) demək olar ki, bütün film boyu kameranın qarşısındadılar və onlardan başqa adam gözə dəymir. Buna baxmayaraq, film qətiyyən dinamizmini itirmir, əksinə getdikcə cazibəsinə qapılır və kadrlarla birgə sürüklənirsən. Bunun əsas səbəbi Arif Babayev yaradıcılığındakı “Bakı romantikası”nın bu filmlə birgə zirvəyə çatmasıdır. Küçələri maşınlarla təmizlənən, geniş prospektlərdə maşınlar şütüyən, gecələr işıqları ilə insanı riqqətə gətirən Bakının portretidir bu. Ayrıca, uyğunlaşdırılan hekayənin bir məqamında Oqtay ağlından keçirir: “ “Yoq sistemi”. İndi o, fransız xalçalarından, Kafkadan və Antonioninin filmlərindən, Qaliçin nəğmələrindən danışacaq. Aman allah, bu həmin o Əsmərdirmi?” Arif Babayev hekayənin bu məqamıyla həmin dövrün bakılı “stilyaqaların” geyimlərini çox gözəl birləşdirir və təsadüfən baxın ki, Oqtay geyim-kecim baxımından  Fellini, Antonioninin sevimlisi Marselo Mastroyanniyə çevrilir. Həmin dövrü görmüş şəxslər tez-tez vurğulayırlar ki, italyan kinolarına baxan bakılı gənclər özlərini həmin aktyorlara, aktrisalara oxşatmağa çalışırdılar.
“Gün keçdi” geridə qalmış, itirilmiş zaman haqqında oxunmuş ağıdır. Zaman ötüb, hər şey dəyişib, itirilənlər itirilib və geriyə qalanlarla xoşbəxtlik mümkün deyil. Əsmər öz xoşbəxtliyini axtarmağa gəlir, amma nəticədə əliboş qayıdır. Oqtayın peşəcə mühəndis olması Arif Babayevin işini daha asanlaşdırır, onun gözündən Bakıya, İçərişəhərə baxmaq, bu dar dalanlar və dolaşıq küçələr haqda mülahizələr irəli sürmək su içməyə çevrilir. Modern və şəhərli Oqtay yeniliyə can atsa da, keçmişi bütünlüklə silməyin tərəfdarı deyil, eynilə Arif Babayev kimi. Əllərini divarlara sürtərək yolunu tapan qoca içərişəhərli buranı sevən hamının simvoluna çevrilir. Bu böyük labirint içində gəzişdikcə, hərlənib-fırlanıb eyni yerə, eyni məkana gəldikcə, dar küçələrdən ötüb geniş meydanlara çıxdıqca, məscidlərinin gümbəzindən arxada görünən Xəzərə baxdıqca İçərişəhərin sevilən tərəflərini anlayır və evləri söküldüyü üçün hönkür-hönkür ağlayan kövrək Babayevin sevgisini və əbədiləşdirmək istəyini çox gözəl qavrayırsan.  Arxa fonda isə Vaqif Səmədoğlunun şeiri səslənməyə davam edir:
“....
ölüm ayağındadır indi
Biçarə şəhər,
İçəri şəhər...”

1973-cü ildə çəkilən “Ömrün ilk saatı” filmi ilə Arif Babayev yenidən Neft Daşlarına müraciət edir, ancaq bu dəfə psixoloji janrdan daha çox, tarixiliyə üz tutur və üç nəsil (baba-oğul-nəvə) boyunca bu məkanın ideyasının necə nəsildən nəsilə ötürüldüyünü və sonda qarşılanan mənzərəni göstərir. Babanın (Mehdi – Həsənağa Turabov) istəyi ilə uzun müzakirələrdən sonra dənizdə estekadaların qurulması və ordan neft çıxarılmasına cəhd edilir, lakin dostlar buna müvəffəq ola bilmirlər. Aralarındakı bir yoldaşın ölümü ilə həvəsdən düşsələr də gələn  doğum xəbəri ideyanın və istəyin ölməyəcəyinə dair bir işarəyə çevrilir. Oğul (Yusif – Şahmar Ələkbərov) atasının ideyasını həyata keçirmək üçün müxtəlif maneələrlə qarşılaşır, ancaq son ana qədər mübarizə aparır və istəyinə nail olur. O, müharibədən yenicə qayıtmış şəxsdir və həyata baxışında atasıyla arasında fərqlərin olması mümkündür. Buna baxmayaraq, neftçi ənənəsinə sadiq qalıb ideyanı davam etdirmək üçün atasının yaşayan dostları ilə bir-bir əlaqəyə girir, onları yenidən bu işə cəhd etməyə səsləyir və buna müvəffəq olur.  Nəvə ( Azər – Rasim Balayev) isə özündən öncəki iki nəsildən fərqli olaraq Neft Daşlarına qarşı tənqidi münasibət bəsləyir. Ekoloji cəhətdən dənizin çirkləndiyini və buna son qoymaq gərəkdiyini deyir. Azər 70-ci illərin tənqidi təfəkkürün insanıdır və artıq dəyişikliyə ehtiyac olduğunu qavrayır. Beləliklə, bu üç nəslin Neft Daşlarının yaranmasına və fəaliyyətinə dair münasibəti ardıcıllıqla sadalanır. Bakı olmasa belə, Neft Daşlarına yenidən nəzər salmağa kömək edir. Ayrıca, Rasim Ocaqovun filmdəki operator işi təqdirəlayiqdir.

Bu yazıda Arif Babayevin filmlərində məkan olaraq Bakını ələ aldığım üçün Bakıda keçməyən, başqa məkanlarda cərəyan edən iki filmi – Alma almaya bənzər (1975) və Arxadan vurulan zərbə (1977) – barədə ətraflı danışmayacağam, ancaq bəzi nüanslara toxunmaq vacibdir. İlk növbədə “Alma almaya bənzər” filmi materialist SSRİ dünyasında bir növ etirazdır desək yanılmarıq. Bol simvolika, müxtəlif eyhamlar, dini adlar və kontekslər göstərir ki, rejissor bu filmində öyrənilmiş elm əsaslı həqiqətləri gözardı edərək həyata və dünyaya dair fərqli bir baxışı təqdim və təlqin edir. “Arxadan vurulan zərbə” isə kinoteatrlarda qazandığı uğurdan ötrü diqqət çəkməkdədir. Əsərin axıcılığını artırmaq və sadə, hazırlıqsız oxucunu da mətnə cəlb etmək üçün ağır mətləblər fonunda yerləşdirilən detektiv fəndi postmodern romanlarda qarşımıza çıxmaqdadır. Bunlara nümunə olaraq Ekonun “Gülün adı”nı, Pamukun “Qara kitab”ını, Pol Osterin “Nyu-York trilogiyası”nı misal göstərmək olar. Azərbaycan kinematoqrafiyasında detektiv janrının uğurlu nümunələrindən olan “Arxadan vurulan zərbə” filmi də Arif Babayev yaradıcılığında yuxarıda qeyd etdiyim detektiv fəndlərdəndir. Bunun şüurlu olaraq və ya təsadüfən gerçəkləşdiyini bilmirik, ancaq 17 milyon izləyici sayı çox şeydən xəbər verir. Bu film o qədər uğur qazanır ki, Arif Babayevin növbəti filminə birbaşa Moskva televiziyası sponsorluq edir.

1979-cu ildə lenta alınan “Bizi bağışlayın” filmi bir qatar kupesində, gecə yuxusundan yarımçıq oyanan Nərimanın (Həsən Məmmədov) görüntüləri ilə başlayır. Yatağında daxili monoloqla özünü və həyatını araşdıran, analiz edən Nəriman artıq 40 yaşa çatdığını və geriyə nə qaldığını soruşur? Belə olduqda, gedəcəyi yerdən daha tez düşərək öz doğma şəhərinə qayıdır. Alim, uğur qazanmış böyük şəxsiyyət olan bu obraz 20 ildən sonra öz şəhərinə qayıtdığı kimi, Arif Babayev də “Arxadan vurulan zərbə” ilə müvəffəqiyyət qazandıqdan sonra öz sevimli mövzusuna – Bakısına – qayıdır və obraz ilə rejissorun bu cəhətləri oxşarlıq təşkil edir. Nəriman evlərini, yaşadığı, uşaqlıq illər keçən məkanları axtarır, Bakının sarmaşıqlı balkonlarına nəzər salır, ümumi həyətlərdə dostlarını, sirdaşlarını tapmağa çalışır. Nərimanı öz şəhərində, doğulub-böyüdüyü yerdə tanımırlar, yalnız onu başqası təqdim edəndən sonra ya da şəxsiyyət vəsiqəsinə baxdıqda kim olduğunu bilirlər və dərin hörmət bəsləyirlər. Ssenarinin bu nüansı uğur qazanmış, hamı tərəfindən ad olaraq tanınan, ancaq görkəm olaraq onlara yadlaşdığı, uzaqlaşdığı üçün ilk baxışdan bilinməyən adamın tənhalığına işarə edir. Gəzdikcə, keçmiş dostlarını, eşqini tapdıqca qarşılaşdığı mənzərə ürəkparçalayan və hüznlüdür. Ölən ölmüş, qalanlar tamam yadlaşmış, başqa şəxslərə, ortaq dəyərləri bölüşməyən yad kimliklərə bürünmüşlər. Bu təəssüflərdən, peşmanlıqlardan sonra isə film tamam ayrı məcraya keçir, getdikcə didaktik bir forma alır. Moskvanın yuxarıda qeyd etdiyim sponsorluğu özünü göstərir, dəmir dabanını filmdə mövzuya basır. Filmin finalının daha əvvəlki bir filminin eynisi olması, öyüd-nəsihət ab-havasına bürünməsi və istəyə uyğun olaraq rus dilində çəkilməsi  “Bizi bağışlayın”ı Arif Babayev yaradıcılığındakı ən zəif filmə çevirir.
Uzun səyahətlərdən və keşməkeşlərdən sonra geriyə qayıdan və  mənəvi olaraq tamam başqa adama çevrilən obraz Qılqamış dastanından tut Odisseyaya qədər, ordan da müasir dünya ədəbiyyatına qədər uzanmaqda və davam etməkdədir. Arif Babayevin Nərimana verdiyi həll orijinal olmasa da, ən azından klişe də deyil və burada yaxın planda protoqonistin (müsbət baş obraz) mənəvi dəyişikliklərini deyil, geri qayıtdığı yerin insanların ümumi əhval-ruhiyyəsini, mənəvi deqredasiyasını göstərməkdədir. Antoqonist  (mənfi baş obraz) axtarmağa dəyməz, onlar tək-tək adamlar deyil, əksinə keçmişini, dostlarını, müəlliməsini unutmuş hamıdır və günahkar ötən zaman və dəyişən mənəvi kodekslərdir. Bakı isə yüksək binalar tikilən, keçmiş yaşayış yerləri sökülən, hamının qutucuqlarda yaşadığı və bir-birindən xəbərsiz həyatlarına davam etdikləri, rabitəsizlik halında olan modern şəhər kimi göstərilir. Arif Babayev də yaxşı başa düşür ki, Rubikonu keçdik, geriyə yol yoxdur.

Azərbaycanda Sovet Hakimiyyətinin qurulmasından sonra Bakının müdafiəsi üçün çalışan çekistlərin (kəşfiyyatçıların) fəaliyyətindən bəhs edən “Birisigün, gecəyarı...” filmi Arif Babayevin son tammetrajlı bədii filmi oldu. 1981-ci ildə çəkilən bu filmdə Bakını işğal etməyə çalışan, bunu bacarmadıqda isə bombardıman üçün hazırlaşan ingilislərin və digər əks-inqilabçıların bir-bir müəyyən edilməsi və ələ keçirilməsi, bütün planların deşifrə edilməsi əsas məsələsidir. Babayev bu filmdə digər filmlərindəki Bakı portretindən uzaqlaşır. Daha əvvəl filmlərində lirik-psixolojik tərəflərinə işıq tutulan şəhər insanı və onun urbanist xəyalpərəstliyi kənara qoyulur, şəhərin tarixi-strateji əhəmiyyəti ön plana keçir və şəhərin tarixinə fərqli bir nəzər salınır. Bu filmdə də Arif Babayev öz sevimlisi Həsən Məmmədovu baş rola dəvət edir və ondan yararlanır.
54 illik qısa ömrünə səkkiz tammetrajlı bədii film sığışdıran Arif Babayev “Birisigün, gecəyarı...” filmi ilə nöqtəni qoyur. Şəhəri məhv etmək arzusunda olan düşmənlərdən xilas edilən  məkan, Babayevin filmlərində də xilas edilir və bu rejissor sevimli, doğma məkanını həmişə xatırlanacaq halda, daha doğrusu xatırlanmaq istədiyi halda yaddaşlara yazır. Şəhərin ruhunu anlamaq üçün küçələri gəzən “flauner”lər kimi, o da öz kamerasıyla küçələrdə şəhərin ruhunu axtarır və qavradığı, hiss etdiyi qədər bunu tamaşaçılara əks etdirir. Sevgisindən vazkeçməyən adamın öz şəhərində adına bircə tin-dalan-küçə-prospekt-meydan olmasa da, İstiqlaliyyət küçəsindən Ədəbiyyat Muzeyi istiqamətində düşəndə daim Muradı xatırlayır və onun birazdan “Buldoq hardan oldu? Əsl ingilis doqudur” cümləsini eşidəcəyini bilir, Oqtay ilə Əsmərin yenə İçərişəhərdə gəzişdiyini hiss edirsən. Bir müddət İçərişəhərdə bələdçi kimi işləyən Arif Babayevin müşaiyəti ilə əsla gəzə bilməsək də, bizə öz kamerası ilə yoldaşlıq etdiyi və istədiyimiz an, istədiyimiz vaxt sadəcə filmlərini izləyərək bizimlə danışacağı üçün minnətdarıq.

Sevgi ilə anırıq...

Hiç yorum yok:

Yorum Gönder