Bakının
insanları, küçələri, binaları, yastı damları ilə birgə İçərişəhər silueti,
metrosu, Neft Daşları Arif Babayev yaradıcılığındakı poetik bir dillə Azərbaycan
kinematoqrafiyasına qədəm qoymuş və orda özünə əbədi bir guşə seçmişdir.
Unudulmaz, sentimental, melanxolik, bəzən məğrur, bəzən kinayəli dialoqlardan
savayı küçələr də dialoqlara qoşulmuş, həm küçə dili, həm də məkan Sovet
senzurasının təsiriylə yaranmış ədəbi dil quruluğundan uzaqlaşaraq özünə yeni
kolorit yaratmışdır. Arif Babayevin dühası avanqard olmaqla yanaşı, özlüyündə
Bakı sevgisini təcəssüm etdirdiyi üçün fərqli bir cığıra keçmiş, zəhmət və
istedadın harmoniyasına əlavə olunan odlu-alovlu sevgi yeni ifadə vasitələrinə
yol tapmışdır.
Təsadüfi
deyil ki, quruluşçu rejissoru olduğu səkkiz tammetrajlı filmin altısında məkan
olaraq Bakını seçmiş və məkanı arxa fondan önə, obrazlardan birinə məharətlə
çevirmişdir. Sözügedən altı filmdə istifadə olunan məkan eyni olsa da, ona
baxışı və ifadəsi tamam fərqli bucaqlardan gerçəkləşdiyi üçün əsla sıxıcı
olmur, tam əksinə, hər dəfə həm rejissor özü bu obrazın yeni cəhətlərini kəşf
edir, həm də izləyicini bunu dərk etməyə və yenidən dəyərləndirməyə dəvət edir.
Sovet Azərbaycanı dövründə çəkilmiş əksər filmlərin titrlərində ilk əvvəl
rejissorun yox, məhz ssenaristin adının yazılması məhsullarda məzmunun formadan
daha üstün və vacib olduğunu vurğulayan bir nişanə olsa da, Arif Babayevin
quruluş verdiyi əsərlər öz forması, prizması baxımından ssenarinin qabağına
keçir, üstələyir, müəllif filmi anlayışına uyğun gəldiyini isbatlayır. Ölümündən
sonra Arif Babayevə ithafən çəkilən iki qısametrajlı filmdə (Gün keçdi-1994,
Bakının eyvanları - 1986) müəllifin dəst-xətti təkrarlanmağa çalışır, hörmət və
ehtiramla yad edilir.
Gizli Trilogiya
Adamayovuşmaz
Babayevin ilk üç filmi olan “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi” və
“Gün keçdi” maraqlı bir ardıcıllığa nişan verir. Belə ki, filmlərin adına diqqət
edəndə açıq-aşkar insan həyatının müxtəlif dövrlərinə və zamanlarına birbaşa
vurğu qoyulduğunu görürük.
“İnsan
məskən salır” filmi bir gəncin Neft Daşlarında işləməyə başlaması və orda
yaşadığı adaptasiya problemlərindən bəhs edən psixoloji dramadır. Filmdəki
insanın məskən salmaq cəhdləri və təbiət qarşısındakı acizliyi (yerinə gəldiyi
briqadirin tufan nəticəsində ölümü buna sübutdur) həm bəşər övladının ibtidai
dövrlərinə bənzəyir, həm də balaca körpənin yardıma və qayğıya ehtiyac halını
xatırladır, doğulduqdan sonra ətraf mühitlə əlaqəsi ilə bənzərlik təşkil edir.
İnsanlığın qorxu və təhlükə anında birləşməsi, bir araya gəlməsi və bu qorxu üzərində
qələbə qazanması Neft Daşları üzərinə köçürülür. Neftçi yoldaşının ölümünü qəbullanmayan
fəhlələr onun yerinə gələn yeni işçini (Ramiz – Ələsgər İbrahimov) xoş
qarşılanmır. Yalnız özünü sübut etdikdən sonra münasibətlər düzəlir və Ramiz
orda həmişəlik məskən salır. Neft Daşlarının və Xəzər dənizinin burda
obrazlaşdığını, aktiv bir iştirakçıya çevrildiyini görürük. Xəzərin
tufanlarına, burulğanlarına baxmayaraq onun ram edilməsi insanların təbiəti fəth
edərək antropogen landşaft qurmaqla eyniləşir. Neft Daşları həm də Bakının
metaforudur. Çöllük, susuz, şoran, ağac bitməyən Bakının neft mərkəzlərindən
birinə çevrilməsindən sonra abadlaşması, yeni məskunlaşmaların artması və
buruqlardan ibarət çölün ortasında həyatın başlaması insanların dənizin
ortasında Neft Daşlarını qurması və orda yaşamasıyla çox oxşardır. Arif
Babayevin Bakının salnaməsinə bənzər Neft Daşlarına müraciəti bununla bitməyəcək,
“Ömrün saatları” filmində, başqa bir aspektdən yenidən dəyərləndiriləcəkdir. Bu
barədə daha sonra...
1968-ci
ildə çəkilən “Uşaqlığın son gecəsi” filmi özümdən uydurduğum “Gizli
Trilogiya”nın ikinci filmidir. İlk filmdə başlanan tendensiya burda davam edir,
insan həyatının ikinci dövrünə - gəncliyə- nəzər salınır. Bu filmdə Arif
Babayev xeyli səxavətli davranır və Azərbaycan kinosuna bir sıra yenilikləri
daxil edir: küçə dilini, filmdə ilk estrada musiqisini, Bakı fonunda modernlik
və mühafizəkarlıq konfliktini, Beatles”ı.
Muradın
(Ənvər Həsənov) işə girməsiylə uşaqlığının bitməsi və gəncliyinin başlaması
fonunda dövrün Bakısı, atmosferi, gənclərinin həyatı, maraqları sərgilənir.
Davud (Məmmədsadıq Nuriyev) roluyla Arif Babayev öz qardaşının prototipini
yaradır. Başında “şəpkəsi” damda quş saxlayan Davud mühafizəkar Bakının ştrixlərini
müəyyən edir ki, filmdə dediyi “əvvəllər böyük var idi, kiçik var idi” sözləri
konflikti aydınlaşdırır. Digər tərəfdə isə “homeparty”lərdə caz, Beatles dinlənilir.
Bu mübarizə məhz bir il sonra Eldar Quliyevin “Bir cənub şəhərində” filmində əsas
mövzuya çevriləcəkdi.
Bəzən
kameranın görüntülədiyi, bəzənsə rəssam Elbəy Rzaquliyevin çəkdiyi Bakı mənzərələri
Arif Babayevin qırmızı xəttini təşkil edir. Rejissor bütün filmlərində əlindən
gəldiyi qədər bu qırmızı xəttin ifadəsinə və mədhinə çalışır. Musiqili Komediya
Teatrında kostumer vəzifəsində
çalışan Törəxanım
Zeynalovanı “Nənə” rolunda öz film heyətinə
daxil edir. Daha əvvəl də bir neçə epizodik rolda oynayan bu qadının ən
yaddaqalan obrazının məhz bu filmdə olması təsadüfil deyil: Arif Babayev onun
epizodik rolunu məhz xalqın dili ilə, yəni hamımızdan biri kimi danışdıraraq
yaddaqalana çevirir. Bakı metrosu da filmdə görüntülənir. Murad və Rüstəmin macəralarında
müxtəlif situasiyalar aşkara çıxarılır. Filmin finalında isə Polad
Bülbüloğlunun ifasında “Gəl, ey səhər” mahnısı onu unudulmaza çevirir.
1971-ci
ildə Anar Rzayevin “Gürcü familyası” hekayəsi əsasında ekranlaşdırılan “Gün
keçdi” filmi “Gizli trilogiya”nın son halqasıdır. Burda artıq gənclik illəri
başa çatmış və orta yaşa qədəm qoyan bədbəxt
və kədərli iki insanın hekayəsindən danışılır. Oqtay (Həsən Məmmədov) və Əsmər
(Leyla Şıxlinskaya) demək olar ki, bütün film boyu kameranın qarşısındadılar və
onlardan başqa adam gözə dəymir. Buna baxmayaraq, film qətiyyən dinamizmini
itirmir, əksinə getdikcə cazibəsinə qapılır və kadrlarla birgə sürüklənirsən.
Bunun əsas səbəbi Arif Babayev yaradıcılığındakı “Bakı romantikası”nın bu filmlə
birgə zirvəyə çatmasıdır. Küçələri maşınlarla təmizlənən, geniş prospektlərdə
maşınlar şütüyən, gecələr işıqları ilə insanı riqqətə gətirən Bakının
portretidir bu. Ayrıca, uyğunlaşdırılan hekayənin bir məqamında Oqtay ağlından
keçirir: “ “Yoq sistemi”. İndi o, fransız xalçalarından, Kafkadan və
Antonioninin filmlərindən, Qaliçin nəğmələrindən danışacaq. Aman allah, bu həmin
o Əsmərdirmi?” Arif Babayev hekayənin bu məqamıyla həmin dövrün bakılı
“stilyaqaların” geyimlərini çox gözəl birləşdirir və təsadüfən baxın ki, Oqtay
geyim-kecim baxımından Fellini,
Antonioninin sevimlisi Marselo Mastroyanniyə çevrilir. Həmin dövrü görmüş şəxslər
tez-tez vurğulayırlar ki, italyan kinolarına baxan bakılı gənclər özlərini həmin
aktyorlara, aktrisalara oxşatmağa çalışırdılar.
“Gün
keçdi” geridə qalmış, itirilmiş zaman haqqında oxunmuş ağıdır. Zaman ötüb, hər
şey dəyişib, itirilənlər itirilib və geriyə qalanlarla xoşbəxtlik mümkün deyil.
Əsmər öz xoşbəxtliyini axtarmağa gəlir, amma nəticədə əliboş qayıdır. Oqtayın
peşəcə mühəndis olması Arif Babayevin işini daha asanlaşdırır, onun gözündən
Bakıya, İçərişəhərə baxmaq, bu dar dalanlar və dolaşıq küçələr haqda mülahizələr
irəli sürmək su içməyə çevrilir. Modern və şəhərli Oqtay yeniliyə can atsa da,
keçmişi bütünlüklə silməyin tərəfdarı deyil, eynilə Arif Babayev kimi. Əllərini
divarlara sürtərək yolunu tapan qoca içərişəhərli buranı sevən hamının
simvoluna çevrilir. Bu böyük labirint içində gəzişdikcə, hərlənib-fırlanıb eyni
yerə, eyni məkana gəldikcə, dar küçələrdən ötüb geniş meydanlara çıxdıqca, məscidlərinin
gümbəzindən arxada görünən Xəzərə baxdıqca İçərişəhərin sevilən tərəflərini
anlayır və evləri söküldüyü üçün hönkür-hönkür ağlayan kövrək Babayevin
sevgisini və əbədiləşdirmək istəyini çox gözəl qavrayırsan. Arxa fonda isə Vaqif Səmədoğlunun şeiri səslənməyə
davam edir:
“....
ölüm ayağındadır indi
ölüm ayağındadır indi
Biçarə
şəhər,
İçəri
şəhər...”
1973-cü
ildə çəkilən “Ömrün ilk saatı” filmi ilə Arif Babayev yenidən Neft Daşlarına
müraciət edir, ancaq bu dəfə psixoloji janrdan daha çox, tarixiliyə üz tutur və
üç nəsil (baba-oğul-nəvə) boyunca bu məkanın ideyasının necə nəsildən nəsilə
ötürüldüyünü və sonda qarşılanan mənzərəni göstərir. Babanın (Mehdi – Həsənağa
Turabov) istəyi ilə uzun müzakirələrdən sonra dənizdə estekadaların qurulması və
ordan neft çıxarılmasına cəhd edilir, lakin dostlar buna müvəffəq ola bilmirlər.
Aralarındakı bir yoldaşın ölümü ilə həvəsdən düşsələr də gələn doğum xəbəri ideyanın və istəyin ölməyəcəyinə
dair bir işarəyə çevrilir. Oğul (Yusif – Şahmar Ələkbərov) atasının ideyasını həyata
keçirmək üçün müxtəlif maneələrlə qarşılaşır, ancaq son ana qədər mübarizə
aparır və istəyinə nail olur. O, müharibədən yenicə qayıtmış şəxsdir və həyata
baxışında atasıyla arasında fərqlərin olması mümkündür. Buna baxmayaraq, neftçi
ənənəsinə sadiq qalıb ideyanı davam etdirmək üçün atasının yaşayan dostları ilə
bir-bir əlaqəyə girir, onları yenidən bu işə cəhd etməyə səsləyir və buna müvəffəq
olur. Nəvə ( Azər – Rasim Balayev) isə
özündən öncəki iki nəsildən fərqli olaraq Neft Daşlarına qarşı tənqidi münasibət
bəsləyir. Ekoloji cəhətdən dənizin çirkləndiyini və buna son qoymaq gərəkdiyini
deyir. Azər 70-ci illərin tənqidi təfəkkürün insanıdır və artıq dəyişikliyə
ehtiyac olduğunu qavrayır. Beləliklə, bu üç nəslin Neft Daşlarının yaranmasına
və fəaliyyətinə dair münasibəti ardıcıllıqla sadalanır. Bakı olmasa belə, Neft
Daşlarına yenidən nəzər salmağa kömək edir. Ayrıca, Rasim Ocaqovun filmdəki
operator işi təqdirəlayiqdir.
Bu
yazıda Arif Babayevin filmlərində məkan olaraq Bakını ələ aldığım üçün Bakıda
keçməyən, başqa məkanlarda cərəyan edən iki filmi – Alma almaya bənzər (1975) və
Arxadan vurulan zərbə (1977) – barədə ətraflı danışmayacağam, ancaq bəzi
nüanslara toxunmaq vacibdir. İlk növbədə “Alma almaya bənzər” filmi materialist
SSRİ dünyasında bir növ etirazdır desək yanılmarıq. Bol simvolika, müxtəlif
eyhamlar, dini adlar və kontekslər göstərir ki, rejissor bu filmində öyrənilmiş
elm əsaslı həqiqətləri gözardı edərək həyata və dünyaya dair fərqli bir baxışı
təqdim və təlqin edir. “Arxadan vurulan zərbə” isə kinoteatrlarda qazandığı
uğurdan ötrü diqqət çəkməkdədir. Əsərin axıcılığını artırmaq və sadə,
hazırlıqsız oxucunu da mətnə cəlb etmək üçün ağır mətləblər fonunda yerləşdirilən
detektiv fəndi postmodern romanlarda qarşımıza çıxmaqdadır. Bunlara nümunə
olaraq Ekonun “Gülün adı”nı, Pamukun “Qara kitab”ını, Pol Osterin “Nyu-York
trilogiyası”nı misal göstərmək olar. Azərbaycan kinematoqrafiyasında detektiv
janrının uğurlu nümunələrindən olan “Arxadan vurulan zərbə” filmi də Arif
Babayev yaradıcılığında yuxarıda qeyd etdiyim detektiv fəndlərdəndir. Bunun
şüurlu olaraq və ya təsadüfən gerçəkləşdiyini bilmirik, ancaq 17 milyon izləyici
sayı çox şeydən xəbər verir. Bu film o qədər uğur qazanır ki, Arif Babayevin
növbəti filminə birbaşa Moskva televiziyası sponsorluq edir.
1979-cu
ildə lenta alınan “Bizi bağışlayın” filmi bir qatar kupesində, gecə yuxusundan
yarımçıq oyanan Nərimanın (Həsən Məmmədov) görüntüləri ilə başlayır. Yatağında
daxili monoloqla özünü və həyatını araşdıran, analiz edən Nəriman artıq 40 yaşa
çatdığını və geriyə nə qaldığını soruşur? Belə olduqda, gedəcəyi yerdən daha
tez düşərək öz doğma şəhərinə qayıdır. Alim, uğur qazanmış böyük şəxsiyyət olan
bu obraz 20 ildən sonra öz şəhərinə qayıtdığı kimi, Arif Babayev də “Arxadan
vurulan zərbə” ilə müvəffəqiyyət qazandıqdan sonra öz sevimli mövzusuna –
Bakısına – qayıdır və obraz ilə rejissorun bu cəhətləri oxşarlıq təşkil edir. Nəriman
evlərini, yaşadığı, uşaqlıq illər keçən məkanları axtarır, Bakının sarmaşıqlı
balkonlarına nəzər salır, ümumi həyətlərdə dostlarını, sirdaşlarını tapmağa
çalışır. Nərimanı öz şəhərində, doğulub-böyüdüyü yerdə tanımırlar, yalnız onu
başqası təqdim edəndən sonra ya da şəxsiyyət vəsiqəsinə baxdıqda kim olduğunu
bilirlər və dərin hörmət bəsləyirlər. Ssenarinin bu nüansı uğur qazanmış, hamı
tərəfindən ad olaraq tanınan, ancaq görkəm olaraq onlara yadlaşdığı,
uzaqlaşdığı üçün ilk baxışdan bilinməyən adamın tənhalığına işarə edir. Gəzdikcə,
keçmiş dostlarını, eşqini tapdıqca qarşılaşdığı mənzərə ürəkparçalayan və hüznlüdür.
Ölən ölmüş, qalanlar tamam yadlaşmış, başqa şəxslərə, ortaq dəyərləri bölüşməyən
yad kimliklərə bürünmüşlər. Bu təəssüflərdən, peşmanlıqlardan sonra isə film
tamam ayrı məcraya keçir, getdikcə didaktik bir forma alır. Moskvanın yuxarıda
qeyd etdiyim sponsorluğu özünü göstərir, dəmir dabanını filmdə mövzuya basır.
Filmin finalının daha əvvəlki bir filminin eynisi olması, öyüd-nəsihət
ab-havasına bürünməsi və istəyə uyğun olaraq rus dilində çəkilməsi “Bizi bağışlayın”ı Arif Babayev
yaradıcılığındakı ən zəif filmə çevirir.
Uzun səyahətlərdən
və keşməkeşlərdən sonra geriyə qayıdan və
mənəvi olaraq tamam başqa adama çevrilən obraz Qılqamış dastanından tut
Odisseyaya qədər, ordan da müasir dünya ədəbiyyatına qədər uzanmaqda və davam
etməkdədir. Arif Babayevin Nərimana verdiyi həll orijinal olmasa da, ən azından
klişe də deyil və burada yaxın planda protoqonistin (müsbət baş obraz) mənəvi dəyişikliklərini
deyil, geri qayıtdığı yerin insanların ümumi əhval-ruhiyyəsini, mənəvi
deqredasiyasını göstərməkdədir. Antoqonist
(mənfi baş obraz) axtarmağa dəyməz, onlar tək-tək adamlar deyil, əksinə
keçmişini, dostlarını, müəlliməsini unutmuş hamıdır və günahkar ötən zaman və dəyişən
mənəvi kodekslərdir. Bakı isə yüksək binalar tikilən, keçmiş yaşayış yerləri
sökülən, hamının qutucuqlarda yaşadığı və bir-birindən xəbərsiz həyatlarına
davam etdikləri, rabitəsizlik halında olan modern şəhər kimi göstərilir. Arif
Babayev də yaxşı başa düşür ki, Rubikonu keçdik, geriyə yol yoxdur.
Azərbaycanda
Sovet Hakimiyyətinin qurulmasından sonra Bakının müdafiəsi üçün çalışan çekistlərin
(kəşfiyyatçıların) fəaliyyətindən bəhs edən “Birisigün, gecəyarı...” filmi Arif
Babayevin son tammetrajlı bədii filmi oldu. 1981-ci ildə çəkilən bu filmdə
Bakını işğal etməyə çalışan, bunu bacarmadıqda isə bombardıman üçün hazırlaşan
ingilislərin və digər əks-inqilabçıların bir-bir müəyyən edilməsi və ələ
keçirilməsi, bütün planların deşifrə edilməsi əsas məsələsidir. Babayev bu
filmdə digər filmlərindəki Bakı portretindən uzaqlaşır. Daha əvvəl filmlərində
lirik-psixolojik tərəflərinə işıq tutulan şəhər insanı və onun urbanist xəyalpərəstliyi
kənara qoyulur, şəhərin tarixi-strateji əhəmiyyəti ön plana keçir və şəhərin
tarixinə fərqli bir nəzər salınır. Bu filmdə də Arif Babayev öz sevimlisi Həsən
Məmmədovu baş rola dəvət edir və ondan yararlanır.
54
illik qısa ömrünə səkkiz tammetrajlı bədii film sığışdıran Arif Babayev
“Birisigün, gecəyarı...” filmi ilə nöqtəni qoyur. Şəhəri məhv etmək arzusunda
olan düşmənlərdən xilas edilən məkan,
Babayevin filmlərində də xilas edilir və bu rejissor sevimli, doğma məkanını həmişə
xatırlanacaq halda, daha doğrusu xatırlanmaq istədiyi halda yaddaşlara yazır. Şəhərin
ruhunu anlamaq üçün küçələri gəzən “flauner”lər kimi, o da öz kamerasıyla küçələrdə
şəhərin ruhunu axtarır və qavradığı, hiss etdiyi qədər bunu tamaşaçılara əks
etdirir. Sevgisindən vazkeçməyən adamın öz şəhərində adına bircə tin-dalan-küçə-prospekt-meydan
olmasa da, İstiqlaliyyət küçəsindən Ədəbiyyat Muzeyi istiqamətində düşəndə daim
Muradı xatırlayır və onun birazdan “Buldoq hardan oldu? Əsl ingilis doqudur”
cümləsini eşidəcəyini bilir, Oqtay ilə Əsmərin yenə İçərişəhərdə gəzişdiyini
hiss edirsən. Bir müddət İçərişəhərdə bələdçi kimi işləyən Arif Babayevin
müşaiyəti ilə əsla gəzə bilməsək də, bizə öz kamerası ilə yoldaşlıq etdiyi və
istədiyimiz an, istədiyimiz vaxt sadəcə filmlərini izləyərək bizimlə danışacağı
üçün minnətdarıq.
Sevgi
ilə anırıq...
Hiç yorum yok:
Yorum Gönder